
Naxçıvan Dövlət Universiteti tələbələri arasında şahmat turniri keçirilib
Naxçıvan Dovlət Universitetində Zəfər kuboku uğrunda Şahmat turniri keçirilib.
Universitetin idman kompleksində keçirilən turnirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada bütün idman sahələriylə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər Naxçıvanda böyük inkişaf yolu keçən şahmat sahəsində böyük nailiyyətlər əldə edilir. Bildirilib ki, şahmat idman növü olmaqla yanaşı, həm də bu idman növü ilə məşğul olan hər kəsin zehni inkişafında mühüm rol oynayır. Rektor intellektual yarış iştirakçılarına uğurlar arzulayıb.
Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov universitetdə hər il keçirilən idman yarışlarından söz açıb, tələbələrin müxtəlif turnirlərdə qazandığı qələbələri diqqətə çatdırıb.
Bədən tərbiyəsi və idman kafedrasının şahmat üzrə müəllimi Kifayət Hüseynova yarışın qaydaları haqda tələbələri məlumatlandırıb.
Daha sonra yarışı təşkil edən universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov tələbələrin keçirilən idman və intelektual bilik yarışlarında qazandıqları uğurlardan danışıb və keçirilən oyunların tələbələr üçün xüsusi əhəmiyyətini önə çəkib.
Qeyd edək ki, intellektual oyuna ali təhsil ocağının bütün fakültələrindən olmaqla 40-a yaxın şahmatçı qatılıb. Keçirilən şahmat turnirində Tibb fakültəsi “Stomatologiya” ixtisası üzrə III kurs tələbəsi Aybəniz Hüseynova yarışın qalibi olub. Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə I kurs tələbəsi Adəm Məmmədov II, Tarix-filologiya fakültəsinin “Kitabxanaçılıq və İnformasiya” ixtisası üzrə II kurs tələbəsi Ləman Dünyamalıyeva isə III yeri tutublar. Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.