Naxçıvan Dövlət Universiteti tələbələri Culfa və Ordubadda yerləşən muzeyləri ziyarət ediblər

Naxçıvan Dövlət Universiteti tələbələri Culfa və Ordubadda yerləşən muzeyləri ziyarət ediblər

Universitetin “İqtisadiyyat” fakültəsinin Turizm könüllülərindən ibarət bir qrup tələbəsi Culfa və Ordubadda yerləşən muzeylərdə olub. “Gülüstan” türbəsində olan tələbələrə məlumat verilib ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olan türbə XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə bərpa olunan türbə sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Vurğulanıb ki, bütünlüklə qırmızı tufdan ucaldılan türbənin yalnız qatlararsı iç günbəzi kərpicdən yığılıb.
Ordubad rayon “Tarix diyarşunaslıq muzeyi”ndə olan tələbələrə məlumat verilib ki, Qeysəriyyə sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Dünyanın üç yerində (Səmərqənd, Təbriz və Ordubad) rast gəlinən tikililərdən ən abadı və görkəmlisi Ordubaddadır.
Daha sonra Yusif Məmmədəliyevin ev müzeyində olan tələbələrə məlumat verilib ki, Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın akademiki və prezidenti və 1958, SSRİ EA-nın müxbir üzvü olan Yusif Heydər oğlu Məmmədəliyev Naxçıvan qəzasının Ordubad şəhərində anadan olub. Azərbaycanda neft kimyasının əsasını qoyan alimin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsinə aiddir. Diqqətə çatdırılıb ki, İkinci Dünya müharibəsi dövründə aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsində alimin kəşfi böyük əhəmiyyətə malik olub.