
Naxçıvan Dövlət Universiteti tələbələri Peyntbol üzrə muxtar respublika birincisi olub
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi peyntbol üzrə yarışda Naxçıvan Dövlət Universitetinin komandası qalib olub. Atıcılıq Mərkəzinin peyntbol arenasında keçirilən yarışda ali və orta ixtisas təhsili müəssisələrinin oğlanlardan ibarət komandaları iştirak edib.
Final qarşılaşmasında Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universiteti qarşı-qarşıya gəliblər. Həlledici oyunun qalibi Naxçıvan Dövlət Universitetinin peyntbol komandası olub. Naxçıvan Universiteti və Naxçıvan Tibb Kollecini təmsil edən komandalar II və III yerləri tutublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Federasiyanın sədr müavini Vasib Abdullayev mükafatlandırma mərasimində çıxış edib, komandaları təbrik ediblər.
Sonda hər üç komandaya diplom, kubok və peyntbol mərmiləri təqdim edilib.
Qeyd edək ki, keçirilən yarışların məqsədi atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir.