Naxçıvan Dövlət Universiteti tələbələri Smart tələbə kartlarının imkanlarına dair təqdimatla tanış olub

Naxçıvan Dövlət Universiteti tələbələri Smart tələbə kartlarının imkanlarına dair təqdimatla tanış olub

Naxçıvan Dövlət Universitetində “Smart tələbə kartları üzrə beynəlxalq təcrübə, layihənin ölkə və tələbələr üçün üstünlükləri” mövzusunda təqdimat keçirilib. Universitetin rektoru Elbrus İsayev təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib və layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib. Vurğulanıb ki, smart tələbə kartlarının hazırlanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir.

Nağdsız ödənişlər sahəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin gördüyü işlər haqqında məlumat verən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin sədri  Elvin Axundov qeyd edib ki, muxtar respublikada “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbəri tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”, 2016-2018-ci illərdə “Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub və uğurla icra olunmaqdadır.

Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və Hesablaşmalar Departamentinin Milli Ödəniş sistemin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov dövlət proqramı haqqında məlumat verərək qeyd edib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Vurğulanıb ki, bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Diqqətə çatdırılıb ki, ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.