Naxçıvan Dövlət Universiteti tələbələrinin dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması diqqətdə saxlanılır
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi Partiya Təşkilatı ilə ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatının birgə “Gəncliyin missiyası: dövlətçiliyə sədaqət” layihəsi bu gün öz fərqli formatda keçirilməsi ilə yadda qalıb. Bu çərçivədə növbəti tədbir ali təhsil ocağının İqtisadiyyat və idarəetmə fakültəsinin önündə açıq havada təşkil olunub.
YAP Universitet Ərazi Partiya Təşkilatının sədri Arzu Abdullayev çıxışında qeyd edib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər yeni nəsil yetişib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən il Aəzrbaycan xalqı və Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi topraqlarımızın işğaldan azad olunması uğrunda müqəddəs savaşa qalxaraq 44 gün ərzində düşmənin dərsini layiqincə verdi, ona dəmir yumruğunu göstərdi. Bu, Azərbaycanın işğal olunmuş tarixi torpaqlarının son iki yüz il ərzində ilk dəfə güc yolu ilə azad edilməsinin bariz nümunəsidir.
Layihənin ilk qonağı qismində çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Ulu öndərin milli ideologiyasının əsasında dayanan dövlət gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ümummilli liderin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edib. Vurğulanıb ki, gənclik ulu öndər tərəfindən əsası qoyulan gənclər siyasətini uğurla həyata keçirən ölkə Prezidenti ətrafında sıx birləşib, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, xalqımıza, milli dövlətçiliyimizə zərər verməyə çalışan xarici qüvvələrə və onların daxildəki havadarlarına layiqli cavab verməyi bacarmalıdır. Çünki müstəqil Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Rektor gənclərə öz tarixi keçmişimizlə fəxr etməyi və gələcək nəsillərə çatdırmağı tövsiyyə edib.