
Naxçıvan Dövlət Universiteti tələbələrinin mütaliə vərdişi onlayn qaydada davam etdirilir
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının “Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirəsi keçirilib. Universitetin rektoru Elbrus İsayevin də iştirak etdiyi müzakirədə Əliağa Vahid yaradıcılığına nəzər salınıb. Rektor bu cür müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını qeyd edib. Vurğulanıb ki, hər bir müəllim və tələbə vaxtından maksimum istifadə etməli və mütaliəni gündəlik peşə fəaliyyətinə çevirməlidir. Rektor günün 24 saatının onlayn şəkildə oxuculara xidmət göstərən kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək hər kəsi müzakirələrdə fəal olmağa səsləyib.
Elmi Kitabxananın direktoru Fariz Əhmədov Azərbaycanın görkəmli şairi, tanınmış qəzəlxan Əliağa Vahidin həyat və yaradıcılığı haqda danışıb. Bildirilib ki, Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Şairin poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilən qəzəlləri xanəndələrin repertuarında mühüm yer tutur. Vurğulanıb ki, şairin “Döyüş qəzəlləri” , “Qəzəllər” kitablarında vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edilir. “Vahid” təxəllüsü ilə məşhurlaşan qəzəlxanın yaradıcılığını yüksək qiymətləndirilib və şairin tərcüməçi kimi də fəaliyyəti önə çəkilib.
Şairin həyat və yaradıcılığı haqqında öz fikir və düşüncələrini bölüşən tələbələr qeyd ediblər ki, onun ilk kitabı “Tamahın nəticəsi” adlanır. Vurğulanıb ki, şairin oğlu Ramizin atası ilə bağlı xatirələrindən aydın olur ki, Əliağa Vahid dövrünün tanınmış şair və aktyorları ilə dostluq edib.
Tədbirdə, eyni zamanda, Əliağa Vahidə həsr olunmuş “Qəzəlxan” filmi də müzakirə olunub. Qeyd edilib ki, filmdə vahid bir süjet xəttinin olmamasına baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Filmdə ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamları lentə alınmaqla onun ümumiləşdirilmiş bədii obrazı yaradılıb. Tələbələr film haqda təəssüratlarını bildirib, müzakirələr ediblər.