Naxçıvan Dövlət Universiteti tələbəsinin muxtar respublikada ilk dəfə olaraq zərgərlik məmulatlarına dair fərdi sərgisi təşkil edilib

Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq “Rəngkarlıq” ixtisası üzrə IV kurs tələbəsi Eldar Hüseynovun qızıl aksesuarları və zərgərlik məmulatlarından ibarət fərdi sərgisi təşkil edilib. Universitetin İncəsənət fakültəsinin sərgi salonunda keçirilən tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev fakültədə müxtəlif səpkidə, rəngarəng üslubda təqdim edilən sərgilərin keçirilməsinin ənənə halı aldığını qeyd edib. Bildirilib ki, müəllimlər artıq öz tələbələri ilə birgə hazırladıqları əl işlərini sərgilərdə nümayiş etdirirlər. Tələbələrin fərdi sərgilərinin keçirilməsinin onların gələcək fəaliyyətlərində xüsusi önəm kəsb etdiyini vurğulayan rektor gənc istedadlara bu istiqamətdə uğurlar arzulayıb. Elbrus İsayev müəllimlərə əl işləri, rəsm əsərləri və digər sənət nümunələrinin toplanaraq gələcəkdə kataloq şəklində nəşr edilməsini tövsiyyə edib.

Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev rəssamlığın qədim zərgərlik sənət sahəsinə təsirindən danışaraq tələbənin bu istiqamətdəki fəaliyyətini qiymətləndirib. Vurğulanıb ki, Eldar Hüseynov istedadı ilə seçilməklə yanaşı, həm də dərslərdə intizamı və çalışqanlığı ilə də fərqlənir.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılov qeyd edib ki, gənc istedad sahibi Eldar Hüseynov 12 yaşından etibarən bu sənətlə məşğul olur.

Sərginin təşkil olunmasına görə minnətdarlığını bildirən Eldar Hüseynov qeyd edib ki, uşaqlıqdan zərgərliyə xüsusi marağım olub, peşənin sirlərini bu sənətin ustalarından öyrənmişəm. Gənc zərgər Qarabağ zəfəriylə bağlı sevincini xarı bülbül sancağı düzəltməklə ifadə etdiyini diqqətə çatdırıb.

Gənc istedadın valideyni sərginin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Sonra sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə 27 dəst gümüş və qızıl məmulatları olmaqla ümumilikdə 40-a yaxın zinət əşyaları nümayiş olunub. Sərgiyə qədim sırğa növü olan nacağı, sep, sırğa və üzük dəstləri ilə yanaşı xarı bülbül sancağı, ulu öndərin imzasının qızılla işlənmiş variantı da təqdim olunub.