
Naxçıvan Dövlət Universiteti Televiziyası muxtar respublikada yayımına başlayıb
Naxçıvan Dövlət Universiteti Televiziyasının Naxçıvan Muxtar Respublikası miqyasında yayımının təqdimat mərasimi keçirilib. Tədbirdə Universitet Televiziyasının efiri izlənilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə başlanan efirdə universitetin “Xəbərlər” buraxılışı verilib. Media mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunduqdan sonra ali təhsil ocağının rektoru Elbrus İsayev giriş sözü ilə çıxış edərək bu əlamətdar tarixi gün münasibətilə hər kəsi salamlayıb, universitetin hər sahədə qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, muxtar respublikanın jurnalist kadrlarına olan ehtiyacı nəzərə alınmaqla universitetdə 2001-ci ildən “Jurnalistika” ixtisası üzrə kadr hazırlığına başlanılıb. Bildirilib ki, Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı, jurnalist ixtisasında dərs deyən müəllimlər, media mərkəzinin işçi heyəti və gənc jurnalistlərin xüsusi bacarığı və səyi nəticəsində Universitet Televiziyası fevral ayının 24-dən etibarən muxtar respublikada yayımına başlayıb. Vurğulanıb ki, televiziya həftənin I, III və V günləri saat 11-dən 15-dək efirdə olur. Rektor gənc jurnalist kadrların peşə hazırlığının yüksəldilməsi və gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün kollektivin birgə əməyinin vacibliyini qeyd edib və əlamətdar tarixi gün münasibətilə universitetin kollektivini təbrik edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli vurğulayıb ki, bu tarixi hadisə nəticəsində Naxçıvan Dövlət Televiziyası ilə Universitet Televiziyası arasında əməkdaşlıq üçün münbit zəmin yaranır. Muxtar respublika televiziyasının kadr potensialının təmin edilməsində Universitet Televiziyasının gələcək perspektivlərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edən komitə sədri televiziyanın verilişlərinin zənginləşdirilməsində hər cür dəstəyə hazır olacaqlarını ifadə edib.
Naxçıvan Muxtar Respublikası Televiziya Ötürücü Mərkəzinin direktoru Hikmət Əhmədov yayım avadanlıqlarının yenilənməsi və televiziyanın maddi-texniki baza ilə təmin etmək üçün hər zaman hazır olduqlarını dilə gətirib.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev Universitet Televiziyasının gələcəyə hesablanmış inkişaf perspektivlərindən danışıb. Qeyd edilib ki, qarşılıqlı fikir mübadiləsi, əməkdaşlıq olduğu zaman uğurlara imza atmaq olar.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsnin müdiri Səadət Əliyeva Universitet Televiziyasının yaradıcılıq imkanları, Universitet Televiziyasının əməkdaşı Aqşin Məhərrəmli televiziyanın maddi-texniki bazası haqda danışıblar.
Çıxışlarda universitet televiziyasının keçdiyi tarixi yola nəzər salınıb, qazanılan uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Göstərilən etimada layiq olmaq və gələcəkdə televiziyanın imkanlarının geniş, əhatəli olacağına əminlik ifadə olunub.
“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi Məcid Əkbərov tələbə-jurnalistlərin təcrübələrinin formalaşması üçün baza rolunu oynayan Media mərkəzinin fəaliyyətindən danışıb və yaradılan şərait üçün tələbələr adından öz minnətdarlığını ifadə edib.
Sonra Media mərkəzinin fəaliyyində aktiv iştirak edən tələbə-jurnalistlər universitetin təşəkkürnaməsi və kitabla təltif ediliblər.
Sonda kollektiv universitetin Media mərkəzində yaradılan şəraitlə tanış olub, birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.