
Tibb fakültəsində yeni kabinənin açılışı olub
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi daha bir yeniliyə imza atıb
Naxçıvan Dövlət Universitetində “Əczaçılıq və simulyasiya kabinəsi”nin açılışı olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yeni kabinənin açılışını “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələrin təcrübi peşə bacarıqlarının formalaşması üçün yaradılan şəraitin növbəti təzahürü kimi dəyərləndirib. Qeyd edilib ki, kabinənin tələbələrin yüksək ixtisaslı əczaçı kimi yetişməsində əvəzsiz rolu olacaq, onlar burada aptek təcrübəsini mənimsəyəcək, sonra xəstəxanalarda, laboratoriyalarda, əczaxanalarda işləmələri qazandıqları təcrübəyə əsaslanacaq. Rektor Əczaçılıq və simulyasiya kabinəsinin açılışı münasibətilə fakültənin müəllim və tələbə heyətini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Əczaçılıq və biokimya” kafedrasının müəllimi Zəminə İsmayılova bildirib ki, Naxçıvanda əczaçı kadrlara olan tələbatı nəzərə alaraq universitetin Tibb fakültəsində ilk dəfə 2012-ci “Əczaçılıq” ixtisasına tələbə qəbulu həyata keçirilib. Artıq 5 ildir ki, bu ixtisas üzrə məzunlar muxtar respublikanın xəstəxanalarında, əczaxanalarında, dərman şirkətlərində öz ixtisasları üzrə fəaliyyət göstərirlər. Diqqətə çatdırılıb ki, əczaxananı xatırladan kabinədə dərmanlar farmakoloji qruplarına uyğun olaraq yerləşdirilib. Buradan təkcə əczaçı tələbələr deyil, eyni zamanda digər tibb ixtisasasının tələbələri də istifadə edə bilərlər.
“Əczaçılıq texnologiyası” ixtisası üzrə II kurs magistrant Solmaz Novruzova, “Əczaçılıq” ixtisası üzrə IV kurs tələbəsi Tünzalə Quliyeva yaradılan şərait üçün minnətdar olduqlarını ifadə ediblər. Vurğulanıb ki, yaradılan şəraitdən maksimum istifadə olunacaq, gələcəkdə peşəkar kadr kimi muxtar respublikaya öz layiqli töhvələrini verəcəklər.
Sonra kabinəyə baxış olub.