Naxçıvan Dövlət Universiteti “Tibb” fakültəsi kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində məktəblilərlə görüşüb
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi “Təməl Tibb fənləri” kafedrasının kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbində olublar. Fakültənin ənənəvi olaraq keçirdiyi “Sağlam ol” layihəsinin davamı olaraq bu tədbir gənclərə sağlam həyat tərzinin aşılanması və əhali arasında səhiyyə maarifi işinin təşkili məqsədilə təşkil olunub. Tədbirdə Heydər Əliyev adına hərbi liseyin kursantları və Naxçıvan qarnizonu tam orta məktəbin kollektivi iştirak edib. İlk olaraq tədbirdə II Qarabağ müharibəsində və helikopter qəzasında həlak olan şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan qarnizonu tam orta məktəbin direktoru Natiq Əhmədov qonaqları salamlayaraq təşkilatçılara öz minnətdarlığını bildirib. Qeyd edilib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsin həm tələbələr, həm də şagirdlər üçün böyük önəm kəsb edir.
Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov qeyd edib ki, görüşün məqsədi tibb sahəsinə marağı olan şagirdlərin gələcəkdə bu sahədə təhsil almaq üçün onları həvəsləndirmək eyni zamanda hər kəsin bilməli olduğu ilk tibbi yardım barədə ətraflı məlumatlar verməkdən ibarətdir. Ali təhsil ocağında tibbi kadrların yetişməsi üçün müasir standartlara malik imkanların olduğunu bildirən Elsevər Əsədov vurğulayıb ki, bu il ilk dəfə “Hərbi tibb” ixtisasına qəbul aparılıb. Artıq 10 nəfər tələbə adı çəkilən ixtisas üzrə təhsil alır.
Layihənin rəhbəri “Təməl tibb fənləri” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva öz çıxışında layihə haqqında məlumat verib. Bildirilib ki, layihə ayda bir dəfə olmaqla muxtar respublikanın ümumtəhsil məktəblərində həyata keçiriləcək.
Sonra “Tibbi profilaktika” və “Tibbi” ixtisası üzrə tələbələrinin “Fast food”, “Fiziki aktivliyin orqanizm üçün əhəmiyyəti”, “Cipsi”, “Uşaqlarda piylənmə”, “Coca-Cola”, “Məktəblilərin qidalanması” kimi mövzularda hazırladıqları təqdimatlara baxış keçirilib.
3 ildir ki, davam edən “Sağlam ol” layihəsinin müəllifi, həmin kafedranın baş müəllimi Bəxtiyar Hüseynov müxtəlif ekstremal şəraitlərdə – təbii fəlakətlər, qəzalar, yanğınlar və.s zamanı ilk tibbi yardım göstərilməsinin vacibliyini vurğulayıb. Bəxtiyar Hüseynovun rəhbərliyi altında “Müalicə işi “ ixtisası üzrə V kurs tələbələrinin “Kliniki ölüm” , “Qanaxmalar”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, “Sınıqlar” adlı ilk tibbi yardım simulyasiyaları əyani şəkildə nümayiş edilib.
“Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, dosent Gültəkin Əliyeva təşkilatçılara minnətdarlıq edərək bu kimi tədbirlərin keçirilməsinin insan sağlamlığı üçün dəyərini vurğulayıb.
Sonra tədbirdə hazırlanan rəsm sərgisinə baxış keçirildikdən sonra şagirdlər könüllü olaraq müayinədən keçiblər.
Sonda tədbir təşkilatçılarına fəxri fərmanlar təqdim olunub.