Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələri istehsalat təcrübəsində olublar

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələri istehsalat təcrübəsində olublar

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Əczaçılıq, Baytarlıq üzrə IV,  Stomatologiya ixtisası üzrə V kurs tələbələrinin istehsalat təcrübələrinin başlanğıc konfransı keçirilib. Tədbiri giriş sözü ilə  açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru  Rafiq Rəhimov qeyd edib ki, Tibb, İctimai səhiyyə, Müalicə işi, Tibbi profilaktika, Əczaçılıq, Stomatologiya ixtisasları üzrə kadr hazırlığı aparılan fakültədə artıq 2021- 2022-ci tədris ilindən etibarən ilk dəfə olaraq Hərbi tibb ixtisasına qəbul həyata keçiriləcək. Tibb fakültəsində tələbələrin ixtisaslı kadr kimi yetişməsi üçün yaradılan lazımi şəraitin mövcudluğundan danışan prorektor tələbələrin muxtar respublikanın səhiyyə müəssisələrində keçdikləri təcrübənin onların gələcək peşə vərdişlərində faydalı olacağını diqqətə çatdırıb.

”Bir həkimin yetişməsi üçün əsas açar onun praktik bilgisidir”- deyən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva  gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətinin rəis müavini Məhəmməd Hüseynov qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm roluna diqqət çəkərək   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” nın xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Xidmətin rəis müavini qeyd edib ki, Dövlət Baytarlıq Xidməti himayəsində olan tələbələrlə keçirilən görüşlər onların gələcək peşə təcrübəsində mühüm əhəmiyyətə malikdir.

Sonra istehsalat təcrübəsi dövründə görüləcək işlər haqda aidiyyatı ixtisaslar üzrə fakültə dekanlarının çıxışları dinlənilib.

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı təkliflər dəyərləndirilib.