
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin simulyasiyası təşkil edilib
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin professor-müəllim heyəti, həkim rezident və tələbələri Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllim və şagird kollektivi ilə ilk tibbi yardım simulyasiyası çərçivəsində görüş keçirib. Görüşü giriş sözü ilə açan məktəbin direktoru Elmira Həsənova qonaqları salamlayıb və bu görüşlərin ənənəvi hal almasının şagirdlərin gələcək peşə seçiminə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb. Universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov ali təhsil ocağının professor-müəllim heyəti, həkim rezidentləri və tələbələrinin ümumtəhsil məktəblərinin kollektivi ilə görüşlərinin artıq ənənə halı aldığını və keçirilən tədbirlərin gənc nəslin vətənpərvər ruhunda formalaşmaları ilə yanaşı, şagirdlərin gələcəkdə müqəddəs həkimlik sənətinə yönəlmələri istiqamətində əsaslı rol oynadığını vurğulayıb. Son illərdə Tibb fakültəsinə göstərilən xüsusi dövlət qayğısını diqqətə çatdıran dekan vurğulayıb ki, ali təhsil ocağını bitirən məzunlarımız nəinki muxtar respublikanın xəstəxanalarında, həmçinin dünyanın bir çox ölkərində də uğurla fəaliyyət göstərirlər.
Fakültənin müəllim, həkim və rezidentlərinin müxtəlif siniflərdə nümunəvi dərsləri təşkil edilib. İxtisaslı mütəxəssislər şagirdlərə həkimlik peşəsinin sirlərindən və bu peşəyə yiyələnmənin verdiyi məsuliyyətdən danışıblar, sağlamlıqlarını qorumaq istiqamətində tövsiyyələrini çatdırıblar. Şagirdlərin suallarını cavablandıran tələbə həkimlər onlara gələcək peşə seçimlərində köməklik göstəriblər.
Universitetin tələbələrinin hazırladıqları “İlk tibbi yardım” simulyasiyası təqdimatı məktəb kollektivi tərəfindən maraqla qarşılanıb. Tələbələr gündəlik həyatımızda tez-tez rastlaşdığımız həyat üçün bir sıra təhlükəli hallar, bunlardan çıxış yollarını əyani simulyasiyalarla nümayiş etdiriblər.
Ümumi təbabət və kliniki fənlər kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov və tələbələrin şagirdlərlə görüşü təşkil edilim. Bu zaman şagird və müəllim kollektivinə “İlk tibbi yardım” simulyasiyası təqdimatı olub. “Müalicə işi” ixtisası üzrə IV kurs tələbələri Suada Vahabova “Kliniki ölüm, Aytac Əliyeva “Torpaq altında qalma”, Könül Əliyeva “Qanaxmalar”, Ülviyyə Məmmədova “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, Şəbnəm Salmanova isə “Sınıqlar” haqda slaydlar vasitəsilə şagirdlərə ümümi məlumat veriblər və xəstəliklərə vaxtında müdaxilə metodlarını əyani sürətdə öyrədiblər.
Sonda həkim və rezidentlərinin, fakültənin tələbələri ilə birlikdə apardıqları tibbi müayinələr həyata keçirilib. Fakültənin kardiologiya, terapiya, cərrahiyyə, oftalmologiya, funksional diaqnostika, reanimatologiya, stomatologiya və s sahələri üzrə mütəxəssisləri məktəblilərin ilkin tibbi müayinələrini keçirərək onlara tövsiyələrini, gigiyenik qaydalara əməl etməyin vacibliyini bildiriblər.