
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələrinin istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev təcrübə prosesində görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, ali təhsil ocağında bütün ixtisaslar kimi Tibb fakültəsinin tələbələri də mütəmadi olaraq təcrübə dərslərində iştirak edir, muxtar respublikanın ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarında praktiki dərslər keçir, peşəkar həkim kollketivi ilə işləmək imkanı qazanırlar. Bu da tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına xidmət edir. Vurğulanıb ki, Tibb fakültəsində müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğu burda keçirilən nəzəri biliklərin təcrübi cəhətdən mənimsənilməsində mühüm rola malikdir. İstehsalat təcrübələrinin əhəmiyyətindən danışan rektor qeyd edib ki, təcrübələrin sonunda tələbələrin davamiyyəti və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı təcrübələrin gedişatına nəzarət etmək məqsədilə universitetin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təhkim etdiyi nümayəndələr heyəti yaradılıb. Rektor diqqətə çatdırıb ki, təcrübə dövründə hər bir təcrübəçi göndərildiyi klinika və xəstəxanaların nizam intizam qaydalarına əməl etməlidir.
“İstehsalat təcrübələri üçün metodiki göstərişlər” mövzusunda çıxış edən Tibb fakültəsinin dekanı Elsevər Əsədov istehsalat təcrübəsinin yeni standartlara və tədris planına müvafiq həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, tədris planına uyğun olaraq Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2,3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak edəcəklər. Qeyd olunub ki, təcrübələr ümumi qəbul edilmiş qaydalara uyğun olaraq hər iş günü saat 09:00-dan başlayır və 15:00-da başa çatır. Təcrübələr hər ixtisas qrupu üçün fərqli sahələr üzrə həyata keçirilir- deyən Elsevər Əsədov Stomatologiya ixtisaslarının istehsalat təcrübəsi müəyyən edilmiş qrafikə uyğun olaraq universitetin klinikası, özəl stomatoloji klinikalarda keçiriləcəyini bildirib.
Umumi təbabət və kliniki fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev istehsalat təcrübələrinin tələbələrin bilik və bacarıqlarının formalaşmasında rolu mövzusunda çıxış edərək tələbələrin təcrübə müddətində hansı tapşırıqları yerinə yetirməli olduqları, həkim-xəstə münasibətlərinin qurulması və proqramda nəzərdə tutulan tibbi vərdişlərə yiyələnmələrindən danışıb.
Daha sonra Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Stomatoloji kadr hazırlığında praktiki vərdişlərin rolu mövzusunda çıxış edib.
Tədbirin sonunda Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva təcrübi dərslərin keçirlməsinin tələbələrin ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildirib.