Naxçıvan Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Endometrioz-cərrahi müalicəsi və multidissiplinar problemlər” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib

Naxçıvan Dövlət Universitetinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan, Azərbaycan, ABŞ, Türkiyə, İtaliya, Rusiya, Almaniya, Özbəkistan olmaqla ümumilikdə 7 ölkə mütəxəssislərinin iştirakı ilə təşkil olunan konfransa 1200-ə yaxın izləyici qatılıb.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ali təhsil ocağının  rektoru Elbrus İsayev giriş sözü ilə çıxış edərək tibbi kadr hazırlığında keçirilən konfrans, seminar, ustad dərslərinin əhəmiyyətindən  və Azərbaycan Tibb Universitetinin Naxçıvan Dövlət Universitetində tibbi kadr hazırlığında göstərdiyi dəstəkdən danışıb.

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Türkiyə Ostomi Cərrahi dərnəyi başkanı Ömər Alabaz, Türkiyə Endoskopik və Laparoskopiya cərrahi dərnəyi başqanı Rasim Gəncosmanoğlu, Rusiyadan professor Vişnevski adına Cərrahiyyə İnstitutunun kafedra müdiri Yuri Starkov, Özbəkistandan Daşkənd Pediatriya Tibb İnstitutunun kafedra müdiri Caxongir Qurbanov aktual mövzuya həsr olunan konfransın əhəmyyətindən danışıblar.

Konfransın məruzələr bölməsində ABŞ Mərkəzi Florida Universitetinin qadın doğum uzmanı professor Gorgine Lamvu  “Endometrioz üzərində qələbə: məlumatlara yaxından baxış”, Türkiyə Plevrik Ağrı və Endometrioz başqanı professor Erkut Attar “Endometrioza bağlı sonsuzluğun tibbi və cərrahi müalicəsi”,

Türkiyə Yedditəpə Universiteti qadın doğum uzmanı, professor Rukset Attar “Endometriozun etiopatogenezi”, Türkiyə Endoskopiya və Laparoskopiya cərrahi dərnəyi başkanı, professor Rasim Gencosmanoğlu “Yoğun bağırsağın endometriozları”, İtaliyadan Genova Universitetinin qadın doğum uzmanı, professor Simyone Ferrero “Dərin yayılan endometriozun diaqnozu və müalicəsi”, Almaniyadan Erlangen-Nurnberq Universitetinin qadın doğum uzmanı, doktor Cəlal Solati, Özbəkistandan Daşkənd Pediatriya Tibb İnstitutunun qadın doğum uzmanı, dosent Bahadır Qurbanov “Yumurtalıq kistlərinin endometrioz görüntülərinin histoloji xüsusiyyətləri”, Azərbaycan Endoskopik Laproskopik Cərrahlar cəmiyyətinin sədri professor Müşviq Həsənov “Ekstrapelvik endametrioz”, Azərbaycan Endoskopik Ginekoloji cəmiyyətinin sədri, doktor İlham Qafarov “Genital endometriozun müalicəsinə müasir yanaşma”,  Bakı Sağlamlıq Mərkəzinin Reproduktiv Sağlamlıq Mərkəzinin rəhbəri uzman doktor Önder Tulumbacı “Endometrioz və sonsuzluq”, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru İslam Mahalov “İnfiltrasiya edən endometriozda cərrahiyyənin yeri, əhəmiyyəti və həcmi”, Naxçıvan Dövlət Universitetinin dosenti İlhamə Mustafayeva “Pubertat dövrünün dinamikasında patalogiyaların xüsusiyyətləri” mövzularında maraqlı çıxışlar ediblər.

Məruzələrdə eyni zamanda xəstəliyin profilaktikasının  yetkinlik dövründən başlanılması, qızlarda skrininq  müayinələrin  aparılması və hormonal balansın normallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Belə ki, erkən  müdaxilə xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyət daşımaqla yanaşı, qadın sonsuzlunun qarşısını alır.

Məruzələrdə həmçinin qeyd olunub ki, endometrioz həm də daxili orqanlarda, mədə -bağırsaq sistemində , gözun selikli qişasında və və digər üzvlərdə də rast gəlindiyinə görə təkcə ginekoloji xəstəlik hesab olunmamalı, cərrahiyyənin də aktual bir problemi  kimi diqqətə alınmalıdır.

Çıxışlarda bağırsaqların müxtəlif şöbələrində olan endometriozun diaqnostikasında ultrasəs, maqnit-rezonans, kompyuter tomoqrafiya üsullarının əhəmiyyəti və müalicədə bağirsaq tamlığının qorunması məqsədilə transabdominal laporoskopiyanın üstünlüyü vurğulanıb.

Sonra mövzular ətrafında konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Daha sonra konfransın moderatorlarından Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı Elsevər Əsədov keçirilən konfransın fakültənin həkim və tələbələri üçün olduqca əhəmiyyətli məlumatlarla zəngin olduğunu qeyd edərək iştirakçılara ali təhsil ocağının kollektivi adından minnətdarlığını bildirib.

Konfransın sonunda moderatorlar Müşviq Həsənov, Erkut Attar yaradılan şəraitə görə təşkilatçılara minnətdalıq ediblər.