Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi qonaqları salamlayaraq, onları Ali Məhkəmədə görməkdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş məhkəmə-hüquq islahatları Prezident  İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkədə aparılan bu islahatların əsas məqsədlərindən biri də işində məsuliyyətli savadlı və peşəkar hüquqşünasların yetişdirilməsi, onların hüquq sistemində öz layiqli yerlərini tutmasıdır. Peşəkar kadr hazırlığı istiqamətində universitetin fəaliyyətini yüksək qiymətləndirən Səadət Bəktaşi qeyd edib ki, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları və məhkəmə sistemində fəaliyyət göstərən hakimlər arasında bu universitetin məzunları kifayət qədərdir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, 1996-cı ildən fəaliyyət göstərən “Hüquqşünaslıq” ixtisasında  hazırda 514 tələbə təhsil alır. Qeyd edilib ki, fəaliyyətə başladığı dövrdən indiyədək Hüquqşünaslıq ixtisası üzrə  3126 tələbə məzun olub. “Birgə əmkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması Naxçıvar Muxtar Respublikası Ali Məhkəməsində təcrübə proqramlarında iştirak etmək üçün geniş imkanlar yaratmaqla tələbələrin bilik və təcrübələrinin artırılmasına böyük töhvə verəcək” – deyə rektor öz çıxışında vurğulayıb.  

          Sonra Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda ali təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi arasında əməkdaşlığın genişləndirilməsi, Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, həmçinin əməkdaşlıq çərçivəsində elmi-praktiki konfransların, seminarların, təlim və kursların, mühazirə və görüşlərin təşkili öz əksini tapıb.

          Sonda memorandum imzalayan tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.