
Naxçıvan Dövlət Universiteti və “Naxçıvan Qaziləri” İctimai birliyi arasında əməkdaşlıq görüşü keçirilib
Görüşdə Universitetin rektoru Elbrus İsayev “Naxçıvan Qaziləri” İctimai birliyinin nümayəndələrini salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqın güc birliyi sayəsində əldə olunduğunu xüsusi fəxr hissi ilə vurğulayıb. Bildirilib ki, bu tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir, xalqımızın şanlı tarixidir. Rektor diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.
Rektor vurğulayıb ki, qazilər və şəhid ailələrinin ali təhsil ocağının malik olduğu bütün imkanlardan yararlanması üçün şərait yaradılacaq. Vətənpərvərlik mövzusunda ictimai birliyin də iştirakı ilə mütəmadi tədbirlərin təşkili bundan sonra da diqqətdə saxlanılacaq.
“Naxçıvan Qaziləri” İctimai birliyinin sədri Ceyhun Bayramov göstərilən diqqətə görə Elbrus İsayevə minnətdarlıq edib.
Sonra Elbrus İsayev qazilərin təkliflərini dinləyib, mövzu ətrafında müzakirə aparılıb.
Sonda rektor Naxçıvan Dövlət Universitetinin adından “Naxçıvan Qaziləri” İctimai birliyinə 44 günlük vətən müharibəsinə həsr olunan rəsm əsəri hədiyyə edib.