Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Texniki Universiteti arasında onlayn görüş keçirilib. Görüşdə Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak hər kəsi salamlayıb, ölkələrimiz arasında qardaşlıq münasibətlərinə toxunub, iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Universitetlərarası əlaqələrə toxunan Bülent Çakmak Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışı zamanı ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.

Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə Universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Qardaş ölkənin təcrübəsini öyrənmək baxımından birgə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Elbrus İsayev Türkiyə universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub. IBM şirkəti ilə imzalanan memoranduma əsasən ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq.

Görüş zamanı rektor universitetdə yaradılacaq Texnopark üçün qabaqcıl dünya təcrübəsinin öyrənildiyini və bu baxımdan Ərzurum Texniki Universitetinin bu sahədə imkanlarınının öyrənilməsinin əhəmiyyəti vurğulayıb.

Görüşdə universitetlərarası sosial və elmi əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb. Protokolda elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, Ərzurum Texniki Universiteti Yüksək Texnoloji Proqram və Araşdırma Mərkəzi, Texnoloji Transfer Ofisi ilə birgə tədqiqatlar, “Ərzurum Texniki Universiteti Mucit Park” vasitəsilə “Bilim insanı yetişdirmə Proqramı” çərçivəsində  Naxçıvan Dövlət Universitetinin nəzdində olan Beynəlxalq məktəb, kollec və universitet tələbələrinə innovativ düşünmə, proqramlaşdırma və robotika sahəsində təlimlərin təşkili, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Hər iki universitetin rektorları qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Leave a Reply

Your email address will not be published.