Naxçıvan Dövlət Universiteti və Türkiyənin Mardin Artuklu Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Naxçıvan Dövlət Universiteti və Türkiyənin Mardin Artuklu Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə Mardin Artuklu Universiteti arasında onlayn görüş keçirilib. Görüşdə Mardin Artuklu Universitetinin rektoru İbrahim Özcoşar hər kəsi salamlayıb, rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verib. Qeyd olunub ki, Türkiyənin Mardin Artuklu Universiteti 2007-ci ildə əsası qoyulub, qısa zamanda xüsusi inkişaf yolu keçib. Hazırda universitetimiz Tibb, Turizm və Kənd Təsərrüfatı sahələrində ölkə üzrə öndə olan ali təhsil ocaqlarındandır.

          Universitetlərarası əlaqələrə toxunan İbrahim Özcoşar  Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı və faydalı əməkdaşlığın qurulması istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

          Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışı zamanı ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.

          Rektor ali təhsil ocağında qurulan Texnopark və onun fəaliyyət sahələri haqda danışıb, beynəlxalq əməkdaşlıq məsələləri qonaqların diqqətinə çatdırılıb. Rektor universitetdə Azərbaycan və ingilis dilində tədrisi həyata keçirilən ixtisaslar barədə məlumat verib.  

          Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində 12 fakültədə ümumilikdə 10000-ə yaxın, o cümlədən dünyanın müxtəlif ölkələrindən 2500-ə yaxın xarici tələbə təhsil almaqdadır.

Elbrus İsayev Türkiyə universitetləri ilə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub.

Görüşdə universitetlərarası sosial və elmi əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.  Protokolda elmi rəqabətliliyin təmin edilməsi, tələbə-müəllim mübadiləsi, tədris-metodiki vəsaitlərin hazırlanması, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması, müxtəlif aktual mövzular üzrə birgə konfrans, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi məsələləri öz əksini tapıb.

Leave a Reply

Your email address will not be published.