Naxçıvan Dövlət Universiteti Xarici dillər fakültəsində dəyirmi masa təşkil edilib

“Xarici dillər” fakültəsində baş tutan mövzu və məzmununa görə seçilən dəyirmi masa öz fərqliliyi ilə seçilib. “Mark Tven və Süleyman Sani Axundov yaradıcılığında uşaq psixologiyasının bədii təcəssümü” movzusunda aparılan müzakirəni giriş sözüylə fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli açaraq gənclərin təfəkkürünün, intellektinin inkişafı üçün bu kimi tədbirlərin əhəmiyyətinin yüksək olduğunu və davamlı olacağını dilə gətirib.

“Mark Tven və Süleyman Sani Axundov yaradıcılığına müqayisəli yanaşma”adlı videoçarx nümayiş olunub.

“Gülüş kralı Mark Tven” mövzusunda çıxış edən “İngili dili və tərcümə kafedrasının dissertantı Səkinə Paşayeva Mark Tvenin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəlib. Vurğulanıb ki, yaradılıq yolunda ona qardaşı dəstək olub. Belə ki, 1851-ci ildə böyük qardaşı Orionun sahibi olduğu yerli qəzetdə yazarlıq etməyə başlayan Mark Tven burada yumorlu məqalələr yazıb. Diqqətə çatdırılıb ki, onun yaradıcılığında gülüş doğuran sitatlar hal-hazırda da öz aktuallığını qoruyur. Qeyd edilib ki, kapitan olmaq arzusunda olan şair həyatında buna da nail olub.

“İngili dili və tərcümə” kafedrasının dissertantı Türkan Həsənzadə “Böyük uşaq demokratı- Süleyman Sani Axundov” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan realist nəsrinin görkəmli nümayəndələrindən biri olan Süleyman Sani Axundov 40 illik yaradıcılığı boyunca uşaq ədəbiyyatının formalaşmasında misilsiz işlər görüb. Diqqətə çatdırılıb ki, onun əsərlərində həyat həqiqətləri, həyatın işıqlı və qaranlıq tərəfləri, xeyirxahlıq və ədalətin təntənəsini böyük ustalıqla qələmə alınıb. Hər iki dahi şəxsiyyətin yaradıcılığında oxşar və fərqli cəhətlər izah edilib.

“İngilis dili və metodika” kafedrasının müəllimi Türkan İsmayılova Mark Tvenin “Şahzadə və dilənçi” əsərinin qısa məzmununu verərək hər iki şəxsiyyətin əsərləri, yaradıcılıq yolları, bədii üslub xususiyyətləri haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Mark Tvendən fərqli olaraq S.S.Axundov uşaqlara ithaf etdiyi əsərləri daha anlaşıqlı, hər yaş qurupunun oxuya biləcəyi bir dildə yazıb.

Sonda müəllim və tələbələrin qarşılıqlı fikir mübadiləsi baş tutub. Süleyman Sani Axundovun “Qaraca qız”, Mark Tvenin “Şahzadə və dilənçi” əsərləri müqayisə edilib, oxşar və fərqli cəhətlər diqqətə çəkilib. Sosial bərabərsizlikdən danışılan hər iki əsər muzakirəyə cəlb edilib. Dəyirmi masa müəllim və tələbələrin sualları ilə davam edib.