Naxçıvan Dövlət Universitetin kollektivi “Muzey günləri” çərçivəsində Naxçıvan Biznes Mərkəzində olub

Naxçıvan Biznes Mərkəziylə tanış olan qonaqlara məlumat verilib ki, mərkəzin əsas fəaliyyət istiqamətləri ölkəmizdə aparılan iqtisadi islahatlar, dünya iqtisadiyyatındakı yeniliklər, sahibkarların bilik və iş təcrübələrinin artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi, reklam və marketinq işinin təşkili kimi sahələrdə sahibkarların maarifləndirilməsidir. Qeyd edilib ki, hələ 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayıb və 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən isə mərkəz öz fəaliyyətini bu məqsəd üçün yeni inşa edilmiş binada davam etdirməkdədir. Bildirilib ki, sərgi salonunda muxtar respublikada 100-dən artıq istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə və digər sahələrin məhsullarını misal göstərmək olar.

Qonaqlara muxtar respublikanın ənənəvi brend məhsulları olan qaya duzu, mineral sular, dağlardan toplanmış müalicəvi əhəmiyyətli bitki çayları haqda məlumat verilib. Bildirilib ki, zəngin floraya malik Naxçıvan ərazisində 150-dən çoxu rəsmi dərman bitkiləri olan 2900-dən artıq bitki mövcuddur. Muxtar respublikada özəl bölmənin təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Cahan Holdinq” Kommersiya Şirkətlər ittifaqları, “Dizayn Holdinq”, “Ləzzət Qida Sənaye”, “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətləri, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox saylı kiçik və orta müəssisələr tərəfindən istehsal olunan məhsulların sərgidə öz yerini tutduğu qonaqların diqqətinə çatdırılıb.

Vurğulanıb ki, muxtar respublikanın mövcud resusları hesabına istehsal edilən tikinti materialları, sement, kərpic, daş məhsulları, tibb sahəsində istifadə olunan müxtəlif qazlar yerli təlabatı 100% ödəyir. Bununla yanaşı daş məhsulları, sement, mebel məmulatları İran, Türkiyə və Gürcüstan respublikasına ixrac edilir. Hazırda bir çox müəssisə 100-ə yaxın adda məhsulunu Gürcüstan, Belarus, İran,Türkiyə və MDB ölkələrinə də ixrac edir. İxac potensiallı müəssisədən olan “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları ilə tanışlıq zamanı bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması nəticəsində müasir texnologiya əsasında yeni “Badamlı” Mineral Sular Zavodunun istifadəyə verilməsi olub. Muxtar respublikada kənd təsərrüfatı istehsalçılarına müxtəlif aqrotexniki xidmətlər göstərən, lizinq ilə kənd təsərrüfatı texnikası və ehtiyat hissələri ilə təchizatını həyata keçirən Naxçıvan “Aqrolizinq” ASC haqqında məlumat verilib.

Əl işlərinin sərgiləndiyi güşədə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2009-cu il 7 fevral tarixli sərəncamı ilə sənətkarların fəaliyyətlərinin stimullaşdırılması məqsədilə xalq yaradıcılığı günlərinin keçirilməsi və sərgidə yer alan Naxçıvan abidələrinin üstünlük təşkil etdiyi nümunələr qonaqların diqqətinə səbəb olub.

Muxtar Respublikada son illər yaradılmış istehsal və xidmət obyektlərini əks etdirən xəritədə maşınqayırma, kimya, tikinti, enegetika, mədənçıxarma, metallurgiya, yüngül, mebel, yeyinti və aqrar sənayesi, soyuducu anbarlar, istixana kompleksləri, heyvandarlıq, quşçuluq, arıçılıq, limonçuluq təsərrüfatlarının öz əksini tapdığı qeyd edilib.