Naxçıvan Dövlət Universitetində Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri maraqla qarşılanıb

Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyasının təşkilatçılığı ilə İncəsənət fakultəsində Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?!” eyni adlı əsəri əsasında səhnələşdirilib.

Tamaşa Naxçıvan Dövlət Universiteti “Teatr və mədəniyyətşunaslıq” kafedrasının “Aktyorluq” ixtisası üzrə lV kurs tələbələrinin iştirakı ilə baş tutub.

Tamaşanın quruluşcu rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti Tofiq Seyidov, elmi məsləhətçisi Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, musiqi tərtibatçısı isə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Azər Cəfərlidir.

Tamaşanın elmi məsləhətçisi Gülxarə Əhmədova tamaşanın müasir dövrdə aktuallığını qeyd edib. Bildirilib ki, tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Tamaşa haqda öz xoş təəssüratlarını bildirən ali təhsil ocağının rektoru Elbrus İsayev tələbələrin aktyorluq bacarığını yüksək qiymətləndirib. Qeyd edilib ki, bu cür tamaşaların səhnələşdirilməsi “Aktyorluq” ixtisası tələbələrinin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

Rektor gələcəyin aktyorlarına uğurlar arzulayıb.

Qeyd edək ki, yumor doğuran bəzi səhnələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.