Naxçıvan Dövlət Universitetində “Əcnəbi tələbələr üçün Azərbaycan dili dərsliyi”nin təqdimat mərasimi keçirilib

Bu münasibətlə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev ölkə üzrə əcnəbi tələbələrin sayına görə öncüllüyünü qoruyan ali təhsil ocağında xarici tələbələr üçün yaradılan şəraitdən danışıb. Qeyd edilib ki, muxtar respublikada tolerant mühitin formalaşması, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşmanın, multikultural dəyərlərin təbliğ olunması nəticəsində əcnəbi tələbələrin sayı hər il artır. Rektor bildirib ki, ilk dəfə olaraq Naxçıvan Dövlət Universiteti “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Nicat Yaqubov və “İngilis dili və tərcümə” kafedrasının dissertantı Rəcəb Cəfərlinin həmmüəllifi olduqları dərslik əcnəbi tələbələrin Azərbaycan dilini müasir tələblərə uyğun şəkildə öyrənilməsi məqsədi ilə hazırlanıb. Diqqətə çatdırılıb ki, təqdim edilən dərs vəsaiti doğma dilimizin əcnəbilərə öyrədilməsi işinə xidmət edən ilk və müasir dərs kitabıdır.

Xarici tələbələrlə iş üzrə dekanlığın müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxışında bildirib ki, “Salam”, “Harada?”, “Nə edirsən?”, “Mənim həyatım”, “Zaman, ətraf mühit və biz” olmaqla 5 bölmə və 29 yarımbaşlıqdan ibarət olan kitabda hər bir bölmə öz növbəsində 30-a yaxın dərsi ehtiva edir. Dərslərdə oxu, şifahi nitq və qrammatika olmaqla hissələrin hər birində mövzuya aid tapşırıqlar verilib. Kitabda doğma dilimizin qrammatikası ilə bağlı çalışmalar verilib bu əsnada danışıq və yazma vərdişləri aşılanıb və bu konteksdə əcnəbi tələbələr özlərini “Nələr öyrəndik?” sualı ilə test edir və qiymətləndirir.

Xarici tələblərlə iş üzrə dekanlığın müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu vurğulayıb ki, kitabla ilk tanışlıq zamanı diqqəti cəlb edən məqam onun incə zövqlə tələbələrin göz yaddaşına xitab edəcək şəkildə hazırlanmasıdır. Qeyd edilib ki, dərslikdə Azərbaycan dilinin öyrənilməsində nəzəri və pratik məsələlər qarşılıqlı şəkildə sistemləşdirilib, əyani vəsaitlərdən geniş şəkildə istifadə olunub.

Hazırlıq kursunun tələbəsi Batuhan Gökhasan xarici tələbələr üçün universitetdə yaradılan şəraitə görə əncəbi tələbələr adından minnətdarlığını bildirib.

Sonda “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi, müəllif Nicat Yaqubov dərsliyin nəşr olunmasında göstərilən diqqət və qayğıya xüsusi minnətdarlığını ifadə edib və diqqətə çatdırılıb ki, gələcəkdə dərsliyin A, B, C səviyyələri üzrə hazırlanması nəzərdə tutulur. Sonda tələbələrə kitablar hədiyyə olunub.