Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin sayı 2000 nəfərə çatıb

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin sayı 2000 nəfərə çatıb

Ali təhsil ocağının İncəsənət fakültəsinin akt zalında keçirilən görüşdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

          Sonra universitetin tanıtım videoçarxına baxış olub.

          Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada tolerant mühitin formalaşması, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşmanın nəticəsidir ki, əcnəbi tələbələrin sayı hər il artmaqdadır. Ali təhsil ocağının xarici tələbələrin sayına görə Azərbaycanda birinci sırada yer aldığını diqqətə çatdıran rektor bu il universitetdə təhsil alan əcnəbi tələbələrin sayının 2000 nəfərə çatdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, əcnəbi tələbələr nəinki universitetdə, hətta muxtar respublikada yüksək dövlət qayğısı ilə əhatə olunublar. Rektor bildirib ki, həmçinin xarici tələbələr universitetin ictimai-mədəni işlərində də fəallıq nümayiş etdirir, müxtəlif tədbirlərin, konsert proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.

          Daha sonra Elbrus İsayev tələbələrin suallarını cavablandırıb, onlara öz tövsiyyələrini çatdıraraq, yeni dərs ili münasibətilə onları təbrik edib.

          Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov tələbələri etik davranış qaydaları, kredit sistemi ilə tədrisin təşkili və əcnəbi tələbələrin miqrasiya və tibbi sığorta məsələləri  haqqında məlumatlandırıb. Bildirilib ki, bu gün muxtar respublikada tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması əcnəbi tələbələrin muxtar respublikaya olan marağını və burada təhsil almaq niyyətini daha da artırmaqdadır. Diqqətə çatdırılıb ki, bütün bunlar müxtəlif hüquqların və vəzifələrin icrasını da özlüyündə gətirir. Xəyal Camalov vurğulayıb ki, muxtar respublikaya təhsil almaq üçün gələn tələbələr həmçinin ölkədə müvəqqəti yaşamaq hüququna malik olurlar. Eyni zamanda Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.