Naxçıvan Dövlət Universitetində “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığının təşkilinin və onlara göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilib
Bu münasibətlə keçirilən konfransı açıq elan edən Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov bildirib ki, konfrans Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilimiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində “Milli Fəaliyyət Proqramında” nəzərdə tutulmuş tədbirlər çərçivəsində həyata keçirilib.
“Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının təşkilinin səmərəli yolları” mövzusunda çıxış edən Fəlsəfə və sosial iş kafedrasının müəllimi Firuzə Quliyeva qeyd edib ki, 5 iyun 2001-ci il “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında qanun qəbul edilib. Qeyd olunub ki, xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.
Daha sonra Hüquqşünaslıq kafedrasının müəllimi Əziz Qasımov əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial təminat hüquqlarından danışıb. Bildirilib ki, Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
Sonda Sosial iş ixtisasının IV kurs tələbəsi Xanım Qasımovanın “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi yolları” mövzusunda çıxışı dinlənilib.