
Naxçıvan Dövlət Universitetində Əməkdar müəllimin 70 illiyi qeyd olunub
Ali təhsil müəssisəsində Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məmməd Əliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, Məmməd müəllim uzun illər universitetdə çalışıb və ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə və muxtar respublikada muzey işinin təşkilinə həsr edib. 1980-ci illərin çətin dönəmində fəaliyyətə başlamasına baxmayaraq, öz bilik və bacarığı ilə işinin öhdəsindən müvəffəqiyyətlə gələn, hörmət qazanmış peşəkar müəllim kimi yadda qalıb. Hələ pedaqoji fəaliyyətinin başlanğıcından etibarən universitetin təlim-tərbiyə işlərində çalışan Əməkdar müəllim muzey otağının qurulmasında, “muzeyşünaslıq və arxiv işi” ixtisasının formalaşmasında yaxından iştirak edib. Böyük həvəslə, Tarix-filologiya fakültəsindəki yeniliklərə dəstək olaraq, universitetin nüfuzunu qaldıran ziyalılar içərisində özünəməxsus yer tutub. Hazırda müdiri olduğu kafedranın yaranmasında və fəaliyyətinin formalaşmasında Məmməd müəllimin əvəzsiz rolu olub.
“Elm adamları ictimaiyyət tərəfindən sevilir, dəyər görür və layiqli qiymətini alırsa, bu, ömrün hədər getmədiyinin bariz göstəricisi və elm adamının ən böyük uğurudur” deyən Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov yubilyarı məhz bu nöqteyi-nəzərdən xarakterizə edib. Bildirib ki, Məmməd müəllim yaxşı idarəçi, rəhbər və təşkilatçı kimi öz vəzifə borcunu lazımı şəkildə yerinə yetirib, ixtisaslı kadrların yetişməsində, tələbələrin işini bilən şəxsiyyət kimi formalaşmasında böyük səylə çalışıb. Sadəliyi, səmimiyyəti və dürüstlüyü ilə həm tələbələr, həm də iş kollektivi içərində nüfuz qazanıb. Universitetdə ictimai əsaslarla çalışdığı illərdə belə, əzmindən və qurub yaratmaq həvəsindən heç nə əksilməyib. Çətinlikləri aradan qaldırmağı əsas iş prinsipinə çevirən tədqiqatçının ərsəyə gətirdiyi 4 dərs vəsaiti, 2 metodiki-göstərici, 4 fənn proqramı, 40-dan çox məqaləsi bu ixtisas üzrə təhsil alan tələbə və gənc tədqiqatçıların araşdırmalarında mühüm elmi vəsait hesab olunur.
Məmməd Əliyevin universitetə tələbə olaraq qəbul olmasından günümüzədək keçdiyi iş və yaradıcılıq yolunu nəzərdən keçirən Ümumi tarix kafedrasının dosenti İsmayıl Zeynalov yubilyarın sadəcə muxtar respublikada deyil, ölkədən kənarda apardığı milli mənafeyə xidmət edən təbliğat işindən bəhs edib. Ölkənin tarixini, etnoqrafiyasını və arxivini əks etdirən muzey işinin incəliklərinə bələd olan Məmməd Əliyev, sovet dönəmində Moskvada keçirilən beynəlxalq sərgi zamanı Naxçıvan Dövlət Muzeyində olan qiymətli eksponatları nümayiş etdirərək, muxtar respublikanın turizm potensialına diqqəti çəkib. 1997-ci ildən ali təhsil ocağı ilə yolları yenidən kəsişən Məmməd müəllim burada öz praktik təcrübəsini tətbiq etməyə çalışaraq tədris prosesində tələbələrin əyani vəsaitlərlə təhsil alması üçün bütün imkanlarını səfərbər edib.
Universitetdə yubileylərin keçirilməsi ənənəsinin müsbət və tanıdıcı amil olduğunu bildirən Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova bu addımı təcrübə mübadiləsi baxımından yüksək qiymətləndirib. Elm adamında ən lazımlı keyfiyyət kimi xeyirxahlığın vacibliyini diqqətə çatdıran kafedranın dosenti, bu ali keyfiyyətin Məmməd müəllimdə tam təzahür etdiyini vurğulayıb. Bildirib ki, təmənnasız xeyirxahlıq alimi tələbələr və elm sahəsi üçün daha faydalı şəxsiyyətə çevirir.
Tədbir iştirakçılarının və qonaqların səbəbkara arzu və təbriklərindən sonra yubilyarın ürək sözləri dinlənilib. Ona universitetin rektorluğu adından Fəxri Fərman və fakültə əməkdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.