Naxçıvan Dövlət Universitetində π (pi) günü qeyd edilib

Naxçıvan Dövlət Universiteti Fizika-Riyaziyyat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə π (pi) gününə həsr olunmuş elektron bilik yarışması keçirilib.

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək π (pi) gününün yaranma tarixi haqqında məlumat verərək bildirib ki, dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) 14 martda qeyd edilir. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib.

Fizika-Riyaziyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Fizika ixtisası üzrə II kurs tələbəsi Sədi Zeynalov yarış barədə məlumat verərək tələbələrə uğurlar arzulayıb.

12 komandanın iştirakı ilə 3 mərhələdə keçirilən bilik yarışmasında ixtisas, dünyagörüş, məntiq, Azərbaycan musiqisi və kinosu mövzuları olmaqla 30 sual səsləndirilib.

Yarışın nəticələrinə görə Riyaziyyat-İnformatika müəllimliyi ixtisası üzrə IV kurs tələbələri qalib olub. Həmin ixtisas üzrə III kurs tələbələri II, Riyaziyyat müəllimliyi ixtisası üzrə I kurs tələbələri isə III yeri qazanıblar.

Sonda layihə rəhbərləri Asiman İsmayılov və Sədi Zeynalov universitetin adından təşəkkürnamə ilə təltif olunub.

Fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru,dosent Orxan Cəfərov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov bu cür layihələrin davamlı olmasının tələbələrə faydalı olacağını diqqətə çatdırıblar.