Naxçıvan Dövlət Universitetində  “10 mart Milli Teatr günü” qeyd edilib

Naxçıvan Dövlət Universitetində “10 mart Milli Teatr günü” qeyd edilib

Naxçıvan Dövlət Universiteti Teatr və Mədəniyyətşünaslıq” kafedrasında “10 mart Milli Teatr günümünasibətilə  tədbir keçirilib. Universitetin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, sənət adamlarına diqqət və qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən hər il 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. Bildirilib ki, 1873-cü il martın 10-da əsası qoyulmuş Azərbaycan milli teatrı və bundan 10 il sonra 1883-cü il mayın 11-də əsası qoyulmuş Naxçıvan teatrı uzun və şərəfli yol keçib. Naxçıvan teatrı üçün ixtisaslı gənc aktyorların yetişdirilməsi məqsədilə görülən işləri diqqətə çatdıran rektor vurğulayıb ki, muxtar respublikada teatr sahəsində ixtisaslı kadr hazırlığına diqqət göstərilir və universitetdə “Aktyorluq sənəti” ixtisasının fəaliyyət göstərməsi bu sahədə görülən işlərin ən bariz nümunəsidir. Elbrus İsayev universitetin bu ixtisas üzrə bitirən tələbələrinin muxtar respublikada teatr sahəsinə verdiyi töhvələrdən danışıb və gələcək perspektivləri dəyərləndirib. Həmçinin “Aktyorluq” ixtisası ilə  yanaşı gələcəkdə rejissorluq fəaliyyəti istiqamətində də peşəkar mütəxəssislərin hazırlanması qarşıya bir tələb kimi qoyulub. Rektor həmçinin “Tələbə Teatr Studiyası”-nın fəaliyyətindən danışaraq əlamətdar tarixi gün münasibətilə bu sahədə çalışan əməkdaşları və aktyor tələbələri təbrik edib.

“Azərbaycan teatrının yaranması və inkişafı” adlı çıxışında “Teatr və mədəniyyətşünaslıq “ kafedrasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev teatrın tarixindən və xalqın maariflənməsində, mədəniyyətimizin formalaşmasında onun əvəzsiz rolu haqda ətraflı məlumat verib.

“Realist aktyor məktəbi” adlı çıxışında  “Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi” ixtisası üzrə I kurs magistr  Vəfa Qurbanzadə universitetdə aktyor tələbələrin yetişdirilməsi üçün yaradılan şəraitdən danışıb.

Tədbirin sonunda isə “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” dramından olan bir hissəyə baxılıb.