Naxçıvan Dövlət Universitetində 12 Noyabr Konstitusiya günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 12 Noyabr Konstitusiya günü qeyd edilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində 12 noyabr Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə əlamətdar tarixi günə həsr edilmiş kitab sərgisinə baxış olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev çıxışına xalqımızı və ordumuzu Qarabağ zəfəri ilə bağlı təbrik edərək başlayıb. Sonra rektor 1995-ci il 12 noyabr tarixində ümumxalq referendumu əsasında qəbul edilən konstitusiya ilə bağlı danışıb. Bildirilib ki, konstitusiya Azərbaycan Respublikasının  dövlət quruculuğunun əsasını təşkil edir. Universitetin rektoru Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra ölkəmizdə bir çox sahədə olduğu kimi hüquqi dövlət quruculuğunda da əhəmiyyətli dəyişikliklər baş verib.  Vurğulanıb ki, universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.

Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov “Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət və cəmiyyət quruculuğunun əsas qanunu” mövzusunda çıxış edib. 1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü kimi elan edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Tələbə Gənclər təşkilatının sədri, “Hüquqşünaslıq” ixtisası üzrə III kurs tələbəsi Ülvi Vəliyev “Azərbaycan Respublikasının Konstitusiyası və cəmiyyətin ictimai həyatında gənclər” mövzusunda çıxışında gənclərin cəmiyyət həyatında daşıdıqları roldan danışıb.

Sonda Konstitusiya gününə həsr olunmuş videoçarx izlənilib.