Naxçıvan Dövlət Universitetində “12 noyabr-Konstitusiya günü”nə həsr olunan tədbir keçirilib

Tədbirdə giriş sözü ilə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov diqqətə çatdırıb ki, xalqımızın yaddaşında əlamətdar günlərlə yadda qalan noyabr ayında daha mühüm bir günü 12 noyabr- “Konstitusiya günü”nü qeyd edirik. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il noyabrın 12-də referendum yolu ilə keçirilərək qəbul edilən konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü konstitusiyasıdır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

“Hüquq fənləri” kafedrasının baş müəllimi Yunis Xəlilov “Azərbaycan Respublikasının Konstitusiyası Dövlət müstəqilliyimizin qarantı və cəmiyyətin demokratik dəyəridir” mövzusunda çıxış edərək qeyd edib ki, Azərbaycanın qanunvericilik sisteminin əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.

“Konstitusiya hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təminatçısıdır” mövsuzunda “Hüquqşünaslıq” istisası üzrə II kurs tələbəsi Aynur Məmmədova vurğulayıb ki, konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, azad cəmiyyətin aparıcı qüvvəsi olan insan amili ölkə Konstitusiyasının diqqət mərkəzində durur.

Sonda Naxçıvan Dövlət Universiteti Televiziyasının hazırladığı videoçarx nümayiş etdirilib.