Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Günü qeyd olunub

Ali təhsil ocağında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev tədbirdə çıxış edərək tarixə qızıl hərflərlə yazılan əlamətdar günün Ulu Öndər Heydər Əliyevin adı bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1997-ci ildən təqvimdə mühüm tarix kimi qeyd olunan bu gün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Vurğulanıb ki, Qarabağın taleyini həll edən 44 günlük Vətən müharibəsində mühüm rol oynayan diplomatik strategiyanın təməli də məhz Heydər Əliyevin hakimiyyət illərində qoyulub. Prorektor diqqətə çatdırıb ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Bütün bunların fonunda muxtar respublikanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı. Arzu Abdullayev bayram münasibətilə gəncləri müstəqil dövlətin vətəndaşları olaraq hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi tövsiyə edərək tədbir iştirakçılarını təbrik edib.

Universitetin Azərbaycan tarixi kafedrasının müəllimi Nuray Hacıyeva “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda çıxış edib.

Tədbirin bədii hissəsində bədii rəhbəri Sərxan Abdullayev olan “Buta” instrumental ansamblının konsert proqramı nümayiş olunub.

Konsertdə klassik və müasir bəstəkarların mahnılarından ibarət musiqi nömrələri hər kəsə xoş anlar yaşadıb.

Leave a Reply

Your email address will not be published.