
Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Günü qeyd olunub
Ali təhsil ocağında Yeni Azərbaycan partiyası Universiteti şəhərciyi Ərazi Partiya təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev: davamlı inkişaf strategiyasının müəllifi” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev tarixə qızıl hərflərlə yazılan əlamətdar günün Ulu Öndər Heydər Əliyevin adı bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1997-ci ildən təqvimdə mühüm tarix kimi qeyd olunan bu gün Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Vurğulanıb ki, Qarabağın taleyini həll edən 44 günlük Vətən müharibəsində mühüm rol oynayan diplomatik strategiyanın təməli də məhz Heydər Əliyevin hakimiyyət illərində qoyulub. Elbrus İsayev diqqətə çatdırıb ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Bütün bunların fonunda muxtar respublikanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı. Rektor bayram münasibətilə gəncləri müstəqil dövlətin vətəndaşları olaraq hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi tövsiyə edərək tədbir iştirakçılarını təbrik edib.
“Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir” mövzusunda Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov çıxış edərək qeyd edib ki, müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti olduğunu bəyan edən və onu praktik fəaliyyətində reallaşdıran Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirərək Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı ciddi addımlar atıb.
Beynəlxalq münasibətlər ixtisaslaşması üzrə I kurs magistrant Nelli Quliyeva Ulu Öndər Heydər Əliyev Azərbaycanda apardığı uğurlu gənclər siyasətindən danışıb.
Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunan universitet tələbələrinə üzvlük vəsiqələri təqdim edildikdən sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatı tərəfindən həyata keçirilən “Mənim Partiyam- Yeni Azərbaycan Partiyası” intellektual yarışının qaliblərin mükafatlandırılması baş tutub. Komandalara diplom və hədiyyə təqdim edilib, həvəsləndirici yerə layiq görülənlər də diplomla mükafatlandırılıb.
Qeyd edək ki, 6 komandanın mübarizə apardığı yarışda “Xarıbülbül” komandası qalib olub. “Şuşa” komandası II, “Həkəri” komandası III yerin sahibi olub.