Naxçıvan Dövlət Universitetində 17 noyabr Bayraq Gününə həsr olunmuş   dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetində 17 noyabr Bayraq Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetində 17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı gününə həsr olunmuş dəyirmi masa keçirilib. Əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dəyirmi masanı giriş sözü ilə açan universitetin “Tədris və tərbiyə işləri” üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, 30 ilə yaxındır düşmən tapdağı altında olan torpaqlarımız öz azadlığına qovuşmağı və azad edilən Qarabağ torpaqlarında üç rəngli şanlı bayrağımızın dalğalanması bu gün bütün azərbaycanlılara qürur hissi bəxş edir və bu torpaqlarda bayrağımızın qaldırılması mühüm mərhələdir. Prorektor diqqətə çatdırıb ki, artıq 17 noyabr dövlət bayrağı günümüz bu gün sözün həqiqi mənasında bir bayrama çevrilib.

“Hüquq fənləri” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli Naxçıvan Muxtar Respublikasının keçmişdən bugünə qədər mövcud olan və dəyişilən bayraqlarını slayt vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilmiş üç rəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.

“Dövlət və bələdiyyə idarəetməsi” üzrə III kurs tələbəsi Elmar İsgəndərov vurğulayıb ki, 30 il həsrətdən sonra şanlı bayrağımızın işğaldan azad edilən torpaqlarda sancılması, dalğalanması bir gənc kimi ona qürur hissi verir. Qeyd edilib ki, şəhidlərimizin qanı ilə yenidən rəng alan bayrağımızın qüdrətini daha da ucalara qaldırmalıyıq.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları müzakirə edilib.