Naxçıvan Dövlət Universitetində 18 aprel Beynəlxalq Abidələr və Tarixi yerlər Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 18 aprel Beynəlxalq Abidələr və Tarixi yerlər Günü qeyd edilib

Ali təhsil ocağının Tarix–filologiya fakültəsində “18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günüdür” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov qeyd edib ki, bu əlamətdar gün UNESCO tərəfindən 1983- cü ildə təsis olunub. Vurğulanıb ki, göstərilən yüksək dövlət qayğısı sayəsində ölkəmizdə taixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.

“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev Azərbaycan Respublikasında tarixi-mədəni irsimizin qorunub yaşadılmasından danışıb. Bildirilib ki, 2005-ci ilin 6 dekabr tarixli Naxçıvan MR Ali Məclisi sədrinin imzaladığı sərəncamla muxtar respublikanın tarixi abidələri siyahıya alınıb və passportlaşdırılıb.  Belə ki, sənədləşdirilən 1162 abidənin 57-si dünya, 495-i ölkə, 665-i yerli əhəmiyyətli statusa malikdir.  Vurğulanıb ki, hər il fakültədən məzun olan “Muzeyşünaslıq” ixtisasının tələbələri muxtar respublikanın bu sahəyə olan kadr potensialını təmin edir.

Kafedranın müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Zenfira Seyidova tələbələrə Möminə Xatun türbəsi haqqında məlumat verib. Vurğulanıb ki, türbə məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Vurğulanıb ki, Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.

“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının müəllimi Nərmin Orucova tarixi abidələrimizin təbliğində gənclərin rolundan danışıb.