
Naxçıvan Dövlət Universitetində 18 may beynəlxalq muzeylər günü qeyd olunub
Ali təhsil ocağının Tarix-filologiya fakultəsində “18 may beynəlxalq muzeylər günüdür” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov qeyd edib ki, hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bildirilib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Əlamətdar tarixi gün münasibətilə müəllim və tələbələri təbrik edən dekan onlara fəaliyyətlərində uğurlar arzu edib.
Muzeyşunaslığın inkişaf tarixi haqqında danışan “Muzeyşunaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev Azərbaycan və dünya muzeylərinin inkişaf tarixindən danışaraq qeyd edib ki, muzeylərin qorunması və nümayiş olunması ən vacib işlərdən biridir. Vurğulanıb ki, Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Diqqətə çatdırılıb ki, hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Həmin kafedranın müəllimi Nərmin Novruzova “İşğaldan azad olunmuş torpaqlarımızda muzey və tarixi abidələrimiz” adlı çıxışında qeyd edib ki, işğal dövründə Qarabağda – Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında, Zəngilanda və digər yerlərimizdə dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycana deyil, bütün İslam dünyasına, bəşəriyyətə məxsusdur, onlar bəşəriyyətin irsidir. Vurğulanıb ki, beynəlxalq təşklatlar öz üzərinə düşən missiyanı layincə yerinə yetirir və bu istiqamətdə Azərbaycana dəstəyini ifadə edir.
Arxeoloji və memarlıq abidələrinin mühafizəsi ixtisası üzrə II kurs magistrant Zümrüd Əhmədova “Mən gələcəyin muzeyşunası olacağam” mövzusu barədə çıxış edib.