Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Günü qeyd olunub

Ali təhsil müəssiəsində 2 fevral – Gənclər Günü münasibətilə universitetin tələbə və gənc əməkdaşları ilə çay masası ətrafında görüş keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2 fevral gününün Gənclər Günü kimi elan olunmasının xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. “Məhz Ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu” – deyən rektor 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyinin yaradıldığını, 1996-cı il 2 fevral tarixində birbaşa olaraq Ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumunun keçirildiyini, 1997-ci ildə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Gününun təsis edildiyini bildirib. Qeyd edilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayıb. “44 günlük Vətən müharibəsində vətənpərvər gənclərin Vətəni qorumaq üçün hər cür fədakarlıq və şücaət göstərmələri bunun bariz göstəricisidir” – deyə çıxışda qeyd edilib.

Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri, tələbələrin və universitetin tələbə təşkilatlarının uğurlarını sadalayan Elbrus İsayev ötən gün Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ən ali mükafatı olan “Ağ çinar” mükafatına layiq görülməsini və bu mükafata layiq görülən ilk və tək təşkilat kimi tarixə düşməsini ali təhsil müəssisəsinin Gənclər Gününə ən böyük töhfələrindən biri kimi dəyərləndirib.

          Rektor bütün Azərbaycan gəncliyini Gənclər Günü münasibətilə təbrik edib, onlara təhsil və iş həyatında uğurlar arzulayıb.

          Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov və Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova çıxışları zamanı bu əlamətdar gün münasibətilə gəncləri təbrik edərək, ötən il ərzində tələbə təşkilatlarının əldə etdiyi nəaliyyətlərdən danışıblar.

          Sonra tədbir gənclərin təbrik çıxışları ilə davam edib.

          Sonda, 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin ictimai həyatında fəal iştirakına görə fərqlənən gənclər və tələbə təşkilatları diplom və təşəkkürnamə ilə təltif olunublar.

Leave a Reply

Your email address will not be published.