Naxçıvan Dövlət Universitetində “20 Yanvar– Azərbaycanın qürur və qəhrəmanlıq tarixi” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “20 Yanvar– Azərbaycanın qürur və qəhrəmanlıq tarixi” adlı tədbir keçirilib

Tədbirdə əvvəlcə şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev verib: “Ulu Öndər deyirdi ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər”.

Rektor vurğulayıb ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. “20 Yanvar hadisələrinin təhlili onu göstərdi ki, məkrli qüvvələrin Azərbaycan xalqının əzmini qırmağa yönəlmiş soyqırım hərəkətləri xalqımızın mübarizliyini daha da möhkəmləndirdi”- deyə E.İsayev qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə də danışıb.

Diqqətə çatdırılıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası ilə ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə, ordu-xalq birliyi xalqımızın vətənsevərliyini, cəsurluğunu bir daha sübut etdi.

“Hüquq” bölməsinin müdiri, “Hüquq fənləri” kafedrasının Baş müəllimi İsmayıl Qəribli çıxışında “Hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır”-deyə qeyd edib. Bildirilib ki, burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür.

Sonra Azərbaycanın Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın bədii rəhbəri və rejissoru olduğu, Tələbə Teatr Studiyasının hazırladığı “Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, həmin gün ali təhsil ocağında ilk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilib.

Leave a Reply

Your email address will not be published.