Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tariximizin qanlı yaddaşıdır” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tariximizin qanlı yaddaşıdır” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin akt zalında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitet televiziyasının faciə qurbanlarının əziz xatirəsinə həsr etdiyi videoçarxa baxış olub. Sonra ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan rektor bildirib ki, xalqımız həmin tarixi  həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il fevral ayında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların Sovet qoşunları tərəfindən qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.  1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi – Ümumxalq Hüzn Günü elan edilib. Diqqətə çatdırılıb ki, hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixi keçmişini, baş vermiş hadisələri dərindən bilməli və keçmişini unutmamalı, ona sahib çıxmalıdır. Rektor bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fədakar və inamlı daxili və xarici siyasəti nəticəsində xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin də tezliklə həll ediləcəyinə inam ifadə olunub. Diqqətə çatdırılıb ki, Aprel döyüşləri, Naxçıvanda uğurla aparılan Günnüt əməliyyatı illərdir ki, işğal altında olan doğma torpaqlarımızın tezliklə geri qaytarılacağına, haqqın, ədalətin bərqərar olacağına inamımızı, əminliyimizi ifadə edir.

Sonra Tələbə Teatr Studiyasının hazırladığı “Torpaq şəhidləri ilə ucalır” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tələbələrin hazırladığı kompozisiyada 20 Yanvar faciəsinə həsr olunan şeirlər bədii qiraət olunub, vətənpərvər ruhlu ifalar səsləndirilib.

Qeyd edək ki, şərəfli tariximizi gənc nəslin yaddaşında əbədi həkk etmək məqsədilə universitetdə faciə qurbanlarının əziz xatirəsinə həsr edilmiş “20 Yanvar faciəsi tariximizin qanlı yaddaşıdır” adlı sərgi də təşkil  edilib. Sərgidə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi faktlara söykənən Azərbaycan, türk, ingilis və rus dillərində  nəşr edilmiş kitablar sərgilənib. Tələbə və müəllimlər kitablarla tanış olub, sərgiyə baxıblar.