
Naxçıvan Dövlət Universitetində 2020-ci ilin yekunlarına və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında qarşıya qoyulan vəzifələrə dair müşavirə keçirilib
Universitetin rektoru Elbrus İsayev 2020-ci ilin yekunlarına dair müşavirədə qeyd edib ki, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bugün muxtar respublika sosial, iqtisadi sahədə irəliləyişə, ictimai həyatda nailiyyətlərə nail olub. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sırasında təhsil quruculuğunun xüsusi yer tutduğunu qeyd edən rektor bildirib ki, ötən ildə də təhsil siyasəti uğurla davam etdirilib, universitetin bütün kampuslarında yenidənqurma və bərpa işləri aparılıb. Universitetdə 2020-2021- ci tədris ilinin əvvəlində tədris planları üzrə seçmə fənlərə yenidən baxılıb, günümüzdə aktuallıq kəsb edən yeni Robototexnika, Camışçılıq, Mikologiya və mikotoksikologiya, Naxçıvan xalçaçılıq məktəbi, Atıcılıq və s fənləri universitet elmi şurasının müzakirəsinə çıxarılıb və təsdiq edilib. “Elektroenergetika mühəndisliyi” ixtisasının tələbələrinin istifadəsi üçün günəş və külək enerjisi qurğusu quraşdırılıb. “Memarlıq və mühəndislik” fakültəsində “Texniki servis mərkəzi”, “İnformasiya texnologiyaları” ixtisasının tələbələri üçün “Robototexnika” fənn kabinəsi yaradılıb. Pedaqoji fakültədə Texnologiya və Atıcılıq Mərkəzi yaradılıb. Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya mərkəzi”, “Hüquqşünaslıq” ixtisasının tələbələri üçün “Kriminalistika” laboratoriyası və bir neçə əlavə fənn kabinələri, Tibb fakültəsində “Yaşıl əczaxana” yaradılıb. Universitet xəstəxananın fəaliyyəti genişlənib və ötən ilin may ayından etibarən xəstəxanada Cərrahiyyə, Laboratoriya və Göz şöbələri də fəaliyyətə başlayıb.
Elbrus İsayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində ali təhsil ocağında müasir maddi-texniki bazaya malik xüsusi binalar tikilir və ya yenidən qurularaq müəllim və tələbələrin ixtiyarına verilir. Xarici dillər fakültəsi üçün də yenidən qurulan və əsaslı sürətdə bərpa edilən binanın yaxın günlərdə istifadəyə hazır olması göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bildirilib ki, xarici tələbələrin artım dinamikasında əldə edilən yüksək səviyyədə artım ali təhsil ocağının beynəlxalq əlaqələrinin düzgün və sistemli idarəedilməsi nəticəsində mümkün olub. Hazırda universitet xarici tələbələrin müraciəti və qəbul sayına görə ölkə üzrə öncüllüyünü qoruyur. Alman dilinin orta məktəblərdə tədrisi ilə bağlı universitet tərəfindən qaldırılan məsələ də Ali rəhbər tərəfindən rəğbətlə qarşılanıb və öz həllini tapıb. 2020-2021-ci tədris ilində ilk dəfə ingilis dilində “İqtisadiyyat” ixtisasının tədrisinə başlanılıb.
Ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırlığına son dərəcə böyük təsir imkanlar verəcək Texnologiyalar Parkının yaradılması universitet tarixi üçün ötən ilin ən önəmli yeniliyi sayıla bilər.
Rektor qeyd edib ki, universitetdə 10 fakültə, Magistratura mərkəzi, Xarici tələbələrlə iş üzrə dekanlıq fəaliyyət göstərir. Universitetin bakalavr pilləsində 63 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Ali təhsil ocağında kadr hazırlığı ilə 453 nəfər professor müəllim heyəti məşğul olur ki, onlardan da 3 nəfəri AMEA-nın müxbir üzvü, 21 –i elmlər doktoru, 155-i fəlsəfə doktoru, 13- ü professor, 124- ü dosent, 149-u baş müəllim, 168 – i isə müəllimdir. Vurğulanıb ki, 2020-2021-ci tədris ilində ali təhsil ocağına 32 nəfər yeni müəllim işə qəbul edilib.
İlin ən uğurlu qərarlarından biri də 2020 – ci ildə universitetin İncəsənət fakültəsi ixtisaslarının Türkiyə Cümhuriyyəti yeni tələbə qəbulu planına daxil edilməsi olub.
Ali təhsil ocağında bakalavr, magistratura, doktorantura pillələri və rezidentura üzrə kadr hazırlığının həyata keçirildiyini diqqətə çəkən rektor vurğulayıb ki, hazırda bakalavriat səviyyəsi üzrə 63 ixtisasda – 5639, magistratura üzrə 76 ixtisaslaşmada – 355, doktoranturada 60 ixtisasda – 138, rezidentura üzrə 24 ixtisasda – 52 nəfər olmaqla ümumilikdə 6184 nəfər təhsil alır. Bakalavr pilləsində – 700, magistraturada 5 nəfər, o cümlədən hazırlıq şöbəsində 312 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələr Türkiyə, İran, Banqladeş, Nigeriya, Pakistan, Özbəkistan, Rusiya, İraq, Cənubi Koreya vətəndaşlarıdır. Ali Məclis Sədrinin xüsusi tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə vaxtaşırı olaraq ərzaq payı, maddi yardım təqdim olunub.
Bildirilib ki, 2020-2021-ci tədris ili üçün universitetin qəbul planı 1200 tələbə olaraq təsdiqlənib. Qəbul imtahanlarının nəticəsində 971 əyani, 113 qiyabi şöbəyə qəbul olmaqla ümumilikdə isə universitetə 1084 tələbə qəbul olub. Bununla da qəbul planı 90,3% yerinə yetirilib. Tələbələrdən 189 nəfəri 500-dən yuxarı balla universitetə qəbul olub ki, onlardan da 12 nəfəri 600-dən çox bal toplayıb. Magistratura təhsil səviyyəsi üzrə keçirilən qəbul imtahanlarında isə universitetə 66 ixtisaslaşma üzrə 207 nəfər magistr qəbul olub.
Elbrus İsayev bildirib ki, tədris ilinin əvvəlində 155 nəfərdən ibarət universitetin elmi dərəcəsi olan əməkdaşlarının muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərdə iştirakının qrafiki təsdiq edilib və əməkdaşların bu dərslərdə iştirakı təmin edilib. Universitetdə yerli və xarici mütəxəssislərin iştirakı ilə ustad dərslərin keçirilməsi də il ərzində davam etdirilib.
Ötən il ərzində 3 monoqrafiya, 15 dərs vəsaiti və 35 proqram və metodik göstəriş universitet elmi şurasının müzakirəsinə çıxarılıb. Bu il kitabxanaya 300 adda, 564 sayda çap materialı daxil olub ki, bunlardan da 436-ı Azərbaycan dilində, 128-i isə xarici dillərdədir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən “Smart” tələbə kartları layihəsinin ilk mərhələsi universitetdə uğurla reallaşdırılıb və I kurs tələbələri smart kartlarla təmin olunub.
2020-ci ildə Naxçıvan Dövlət Universitetində gənc nəslin dövlətçilik və milli-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində sistemli işlər aparılıb.
Universitetdə Dövlət proqramı və sərəncamlarının icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında İdmanın inkişafına dair, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ”, “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramlarının yerinə yetirilməsi uğurla icra olunub.
II Qarabağ müharibəsində iştirak edən və qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq universitetin “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil alan tələbələrinin Yüksəl Əlizadə, Orxan Kərimli və Teymur Osmanlının xatirələri yad edilib, onlar üçün güşə yaradılıb və universitetin rəsmi elektron səhifələrində məlumatlar verilib.
Hazırda universitet 42 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. Kafedra əməkdaşları 2016- 2020-ci illər üçün Universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş layihəyə əsasən 16 elmi istiqamətlər üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər. Universitetdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində Üzvi kimya, Ümumi qeyri-üzvi kimya, Analitik kimya, Kimya texnologiyası, Fiziki və kolloid kimya, Elektrokimya və metallar kimyası, akademik Yusif Məmmədəliyev adına elmi-tədqiqat, Əczaçılıq, Biokimya, İnsan və heyvan fiziologiyası, Fitoterapiya, Mikrobiologiya, Dəmir yollarının avtomatik idarə olunması, Elektronika, Fizika laboratoriyalarının geniş imkanları vardır.
Rektor qeyd edib ki, 2020-ci ildə ali təhsil ocağının iki əməkdaşı – “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasının müdiri Məftun Əliyev AMEA-nın İdaretmə İnstitutunun əməkdaşları ilə birgə “Laydan neftin qeyri-stasionar üsulla çıxarılması” adlı ixtirasına görə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən, “Kimya” kafedrasının müəllimi Pərvin Quliyev isə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ilə birgə “Sb2Se3 nazik yarımkeçirici təbəqələrinin alınması üçün elektrolit” adlı ixtirasına görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent alıb.
Ötən ildə universitetdə startap layihələrin sayı daha da artıb və bu sahədə uğur qazanılıb. İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə IV kurs tələbəsi Kamil Hüseynlinin təqdim etdiyi “Vita blok” Startap layihəsi ilə muxtar respublika üzrə qalib olub.
Hesabat dövründə ali təhsil ocağında 2 beynəlxalq, 6 respublika səviyyəli elmi konfrans, tədqiqatçı-mütəxəssislərin elmi potensiallarının artırılması üçün dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu elm adamlarının iştirakı ilə müxtəlif mövzularda vebinar-təlimlər keçirilib.
2020-ci ildə universitet əməkdaşlarının 3 monoqrafiyası, 1 dərsliyi, 15 dərs vəsaiti, 27 metodik vəsaiti və proqramı, 307 elmi məqaləsi və 153 konfrans materialı çap olunub.
Elmi məqalələrdən 64-ü, konfrans materiallarından isə 71-i beynəlxalq konfranslarda dərc olunub. 2020-ci ildə Xaricdə dərc olunan məqalələrdən 12-si Web of Science məlumat bazasına daxil olan jurnallarda, 7-si Scopus, 10 məqalə isə sahə indeksli elmi jurnallarda dərc olunub.
Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran – rektor vurğulayıb ki, cari ildə də əmək və iş intizamı daha da gücləndirilməli, kadr hazırlığına günün tələbləri səviyyəsində diqqət artırılmalıdır. Texnologiyalar Parkının fəaliyyət sahəsini əhatə edən ixtisaslar üzrə lazimi elmi-tədris proqram və vəsaitləri, təlim texnologiyalarının işlənməsi təmin edilməli, ikili diplom layihələri diqqətdə saxlanılmalı, tədrisi xarici dillərdə olan ixtisaslarda dərslərin keyfiyyəti yeni tələblərə uyğun qurulmalıdır. “Tədqiqat universiteti” statusunu qazanmaq üçün mövcud şərtlər daxilində elmi araşdırmaların tədrisə və istehsalata tətbiqinə nail olunmalıdır – deyən Elbrus İsayev elektron universitet quruculuğu prosesinin davam etdirilməsini və tədris prosesində ən müasir təlim texnologiyaların tətbiqinin uğurlu tətbiqindən danışıb, konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.
Sonda universitetin elmi-ictimai və mədəni mühitində fəallıq göstərən müəllim və tələbələr mükafatlandırılıb.