Naxçıvan Dövlət Universitetində 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılmış elmi-tədqiqat işlərinin başlanğıc konfransı keçirilib

Universitetin Elm və İnnovasiyalar bölməsinin baş elmi işçisi Türkan Quliyevanın fərdi rəsm sərgisinə baxış keçirildikdən sonra universitetin rektoru Elbrus İsayev  konfransı açıq elan edib. Ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışan rektor Tələbə Elmi Cəmiyyəti üzvlərinin fəallığını, tələbələrin elmi işlərə həvəslə cəlb olunmasını yüksək qiymətləndirib. Qeyd edilib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. Rektor elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin tətbiqindən danışaraq qeyd edib ki, Texnoparkın yaradılması eyni zamanda muxtar respublikada təhsil sahəsində həyata keçirilən tənzimləmələrin və bu sahədəki islahatların sosial və məntiqi davamıdır.  Tələbələrə yeni layihələrin həyata keçirilməsi və tətbiqində Texnoparkın əhəmiyyətindən danışan Elbrus İsayev konfransın işinə uğurlar arzulayıb.

“Təhsilalanların elmi-tədqiqat fəaliyyətlərinin planlanması” mövzusunda universitetin  Elm və İnnovasiyalar bölməsinin müdiri, təhsilin idarə olunması, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov çıxış edib. Qeyd edilib ki, Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi praktiki işinin təşkili və koordinasiyası üçün yaradılan və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir. Diqqətə çatdırılıb ki, Tələbə Elmi Cəmiyyətinin prioritet məqsədlərindən biri tələbələrdə elmə marağın artırılması, araşdırma bacarıqlarının formalaşdırılmasıdır.

Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə II kurs magistrant Təbrizə Bağırova çıxışı zamanı 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən işlərin vəziyyəti və cəmiyyətin hədəfləri haqqında məlumat verib. Qeyd olunub ki, Tələbə Elmi Cəmiyyəti dərs ilinin əvvəlindən tələbələrin elmi-tədqiqat işlərinə start verir və bu proses aprel ayına qədər davam edir. Bildirilib ki bu tədris ilindən etibarən ixtisasından asılı olmayaraq, tələbələr elm sahələrinə görə elmi-tədqiqat mövzusu seçə bilərlər. Vurğulanıb ki, artıq 677 tələbə 2021-2022-ci tədris ilində 414 müəllimin rəhbərliyi ilə elmi-tədqiqat işlərini yekunlaşdırıb. Bundan əlavə tədris ilində Tələbə Elmi Cəmiyyəti 3062 tələbəni əhatə etməklə 37 tədbir, 1 düşərgə, 1 elm olimpiadası, 1 konsert proqramı, 2 konfrans, 12 təlim, 2 ekskursiya, 4 dəyirmi masa həyata keçirib.

Sonda Rəngkarlıq ixtisası üzrə I kurs tələbəsi Aidə İbrahimovanın “Naxçıvan milli geyimləri və onların bədii xüsusiyyətləri”,  “İstixanada yetişdirilən tərəvəz bitkilərinin tozlanmasında bombus arılarının rolu” mövzusunda isə Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Aydan Məhərrəmlinin çıxışları dinlənilib.

Qeyd edək ki, Aydan Məhərrəmlinin elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub.