Naxçıvan Dövlət Universitetində 2022-ci ilin I yarısı və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə dair müşavirə keçirilib

Naxçıvan Dövlət Universitetində 2022-ci ilin I yarısı və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə dair müşavirə keçirilib

Universitetin rektoru Elbrus İsayev 2022-ci ilin I yarısının yekunlarına dair müşavirədə qeyd edib ki, muxtar respublikada böyük inkişaf ili kimi səciyyələnən 2022-ci il universitet həyatı üçün də əlamətdar olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük diqqət və qayğısı sayəsində təlim-tərbiyə və elmi tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində hesabat dövründə çoxşaxəli tədbirlər həyata keçirilib.

Rektor qeyd edib ki, 2022-ci ilin 18-21 iyun tarixlərində “I Beynəlxalq Tibbi Forum”un keçirilməsi universitet tarixində öz əhəmiyyətliliyi ilə yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun  2022-ci il iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum ölkə tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forum kimi tarixə düşərək dünyanın 7 ölkəsindən 400-ə yaxın tibb sahəsi üzrə elm adamının və 700-dən çox mütəxəssisin diqqətini muxtar respublikaya yönəldib.  Bildirilib ki, müasirtipli və çoxprofilli dünya təhsil sisteminə inteqrasiya edən universiteti hesabat ilində bakalavr səviyyəsi üzrə 1332, magistr təhsil səviyyəsi üzrə isə  184 magistrant bitirib. Tədris aparılan 10 fakültədə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 70 ixtisas üzrə 6025, o cümlədən 1017 əcnəbi tələbə, magistratura təhsil səviyyəsində 82 ixtisaslaşma üzrə 422 magistrant, o cümlədən 7 əcnəbi magistrant, doktorantura səviyyəsi üzrə 99, o cümlədən 2 əcnəbi doktorant və rezidentura üzrə 67 nəfər rezident təhsil almaqla, ümumilikdə ali təhsil ocağında  7544 tələbə təhsilini davam etdirir. Universitetdə hazırlıq şöbəsi dinləyiciləri ilə birlikdə Türkiyə, İran, Nigeriya, Banqladeş, Rusiya, Özbəkistan, Cənubi Koreya, İraq və Pakistandan olmaqla 1446 əcnəbi tələbə, Naxçıvan Musiqi Kollecində hazırda subbakalavr təhsil pilləsində 13 ixtisas üzrə əyani şöbədə 490 tələbə, qiyabi şöbədə isə 21 tələbə təhsil alır.

Vurğulanıb ki, 2022-2023-ci tədris ilində ali təhsil ocağının bakalavr  və magistr  təhsil  səviyyələri üzrə müasir dövrün tələblərinə cavab verəcək Regionşünaslıq (Avropa üzrə), Proseslərin avtomatlaşdırılması mühəndisliyi, sahələr üzrə Dizayn, tədrisi ingilis dilində Beynəlxalq münasibətlər, ikili diplom layihəsi üzrə İqtisadiyyat və magistr təhsil səviyyələrinə 14 yeni ixtisaslar üzrə qəbul lahiyəsi verilib və təsdiq olunub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixində təsdiq etdiyi “Ali və orta ixitisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamına uyğun olaraq, universitetdə bakalavriat səviyyəsi üzrə 70 ixtisas müvafiq olaraq 34 dövlət təşkilatına, subbakalavriat səviyyəsi üzrə isə 13 ixtisas 4 dövlət təşkilatına hamiliyə verilib. 2022-ci ilin 6 ayı ərzində bu istiqamətdə 18 qurum və təşkilatın hamiliyində olan 22 ixtisas üzrə təhsil alan tələbələr ilə 49 sayda müxtəlif səpkidə tədbirlər keçirilib.

Elbrus İsayev diqqətə çatdırıb ki, 2021-2022-ci tədris ilinin ikinci yarısında mövcud tədris planlarına əsasən pedaqoji və qeyri-pedaqoji ixtisaslarda təhsil alan tələbələr orta ümumtəhsil məktəblərində və müvafiq qurumlarda pedaqoji və istehsalat təcrübələrini müvəffəqiyyətlə başa vurub. Bildirilib ki, 16 pedaqoji ixtisas üzrə 379 tələbə 18 ümumtəhsil məktəbində,  42 qeyri-pedaqoji ixtisas üzrə 900 tələbə 39 müəssisə və təşkilatda təcrübədə olub. Hal-hazırda Tibb fakültəsinin 135 nəfərdən ibarət müəllim, rezident və tələbə heyəti Türkiyənin Ankara, Qazi, Trabzon Texniki, Kayseri-Erciyes, Ərzurum Atatürk universitetlərində 2 həftəlik təcrübədədirlər. Həmçinin, qeyd edilib ki, cari tədris ilinin I yarısında ali təhsil ocağının “Energetika mühəndisliyi” ixtisasında təhsil alan tələbələri İtaliyada təcrübədə olublar.

Bildirilib ki, cari tədris ilində universitetdə tədrisin əyani təşkili üçün “Muzeyşünaslıq”, “Yer quruluşu və kadastr, “Coğrafiya” adlı yeni kabinə və laboratoriyalar yaradılıb. Yeni qrafikə müvafiq olaraq universitetin 167 nəfər professor müəllim heyətini əhatə etməklə 836 sayda nümunəvi dərs keçirilib, seçmə yolu ilə bəzi dərslər universitet televiziyası tərəfindən çəkilib və efirə təqdim olunub.

Rektor vurğulayıb ki, universitetdə fəaliyyət göstərən elmi dərəcəlilərin sayı 173 nəfər olmaqla onlardan 139 nəfəri baş müəllim və müəllim, 18 nəfəri elmlər doktoru, 150 nəfəri  fəlsəfə doktoru, 12 nəfəri professor, 125 nəfəri dosent, 1 nəfər əməkdaş isə  AMEA-nın müxbir üzvüdür.

Bildirilib ki, ali təhsil ocağında  doktorantura və dissertantura səviyyəsində fəlsəfə doktoru proqramı üzrə 31, elmlər doktoru proqramı istiqamətində  21 ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda universitetdə fəlsəfə doktoru proqramı üzrə 67, elmlər doktoru proqramı üzrə isə 32 nəfər doktorant və dissertant vardır ki, onlardan bir nəfəri Koreya, biri isə Türkiyə vətəndaşıdır. Vurğulanıb ki, 2022-ci ilin I yarısında rezidenturada təhsil alan 3 rezident Almaniyaya, 11 nəfər Türkiyəyə rotasiya olunub. Qeyd edilib ki, 2022-ci ilin birinci yarısında universitet xəstəxanasında Pediatriya üzrə 650, funksional diaqnostika üzrə 546, laboratoriya üzrə  186, Oftalmologiya üzrə 66 müraciət qeydə alınıb, müayinələr həyata keçirilib.

Elbrus İsayev diqqətə çatdırıb ki, 1500-ə yaxın oxucuya xidmət göstərilən ali təhsil ocağının Elmi Kitabxanasında 30-a yaxın yeni oxucu qeydiyyata alınıb. Xarici ədəbiyyatın fondu tamamilə yenidən qurulub və kataloqlaşdırılıb, “Şərq qapısı” və “Azərbaycan” qəzetlərinin elektron variantları kitabxananın saytına yüklənib.

Universitet müəllimlərinin hesabat dövründə elmi potensialında yüksək göstərici əldə olunduğunu qeyd edən rektor vurğulayıb ki, 2022-ci ilin ilk altı ayında 2-si Web of Science məlumat bazasına, 1-i Scopus elmi bazasına daxil olan ümumilikdə 59 məqalə impakt faktorlu jurnallarda nəşr olunub.  Qeyd edilib ki, cari ilin birinci yarısında universitet əməkdaşlarının 8 monoqrafiyası, 2 dərsliyi, 13 dərs vəsaiti, 72 metodik vəsaiti və proqramı, 222 elmi məqaləsi və 220 konfrans materialı çap olunub. Elmi məqalələrdən 59-u, konfrans materiallarından isə 130-u xaricdə beynəlxalq konfrans toplularında dərc olunub. Hesabat dövründə “Elmi əsərlər” jurnalına Humanitar elmlər seriyası üzrə 39, İctimai elmlər seriyası üzrə 17, Təbiət və tibb elmləri seriyası üzrə 30 elmi məqalə qəbul olunub. Həmçinin universitet əməkdaşlarının müvafiq kitabları Ali Məclisin 2022-ci il üçün nəşr planına əsasən nəşr olunmağa təqdim edilib. Cari ildə 2022-ci ilin ilk altı ayında universitet əməkdaşlarının KİV-də çıxışı təmin olunub, professor-müəllim heyətinin televiziyada 103, radioda 14 çıxışı, qəzetlərdə 117, onlayn mediada 48 məqaləsi çap olunub.

Rektor vurğulayıb ki, ötən ildə ali təhsil ocağı beynəlxalq əməkdaşlıqda bir sıra nailiyyətlərə imza atıb. Universitetin davamlı inkişaf edən beynəlxalq əlaqələrinə Ankara, Qazi,  Atatürk, Van Yüzüncü İl, Yaponiyanın Fujita Universiteti və Britaniya Şurası ilə beynəlxalq əməkdaşlıq məsələlərinin əlavə olunması, “I Beynəlxalq Tibbi Forum” çərçivəsində universitetin Azərbaycan Tibb Universiteti, Qaradəniz Texniki Universiteti, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilələrin imzalanması  beynəlxalq əlaqələr sahəsində atılan inamlı addımların bariz nümunəsidir. Universitetin Times Higher Education beynəlxalq keyfiyyət və reytinq şirkətinin Yaponiyanın Fujita Health Universiteti ilə əməkdaşlığı çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında 31 may – 2 iyun 2022-ci il tarixlərində Yaponiyanın Naqoya şəhərində keçirilən “Asiya Universitetləri Sammit”inə qatılmasıyla beynəlxalq əməkdaşlıq məsələlərində mühüm bir mərhələnin əsası qoyulub.

2022-ci ilin I yarısında NDU ali məktəblərin beynəlxalq nüfuzunu müəyyənləşdirən dünyanın ən böyük reytinq təşkilatı olan “Times Higher Education” 2022-ci il üçün “THE Impact Ranking” reytinq siyahısında ötən il olduğundan daha yüksək nəticə göstərib.

Azərbaycan ali təhsil məkanında ilk dəfə NDU-da yaradılmış IELTS qeydiyyat və imtahan mərkəzi öz fəaliyyəti ilə muxtar respublika təhsil və ictimai mühiti üçün öz əhəmiyyəti və gələcək perspektivləriylə yadda qalıb.

Rektor yarım il ərzində fakültələr üzrə müxtəlif mövzularda 24 vebinar təşkil edilməsi, cari ilin yaz  imtahan sessiyasında elektron test üsulu ilə 186, 1067 yazılı və 283 şifahi imtahan keçirilməsi, bu il ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada təşkil edilən yazılı imtahanlar, ölkədə ilk dəfə olaraq “İnformasiya texnologiyaları  Bootcamp” layihəsinin həyata keçirilməsi, yeni qurulmuş mail serverin (mail.ndu.edu.az) istifadəyə verilməsi, “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalında 3 layihə ilə iştirak,  “STEAM Təhsil” Festivalında 3 layihə ilə çıxış etməyimizi İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil işinin mövcud standartlara uyğun qurulmasının göstəricisi hesab edib.

2022-ci ilin I yarısında universitetdə elmi tədqiqatçı-mütəxəssislərin elmi potensiallarının artırılması üçün 26 vebinar, eyni zamanda vətənpərvərlik mövzusunda 20-dən çox tədbir və elmi konfrans keçirildiyi vurğulanıb.

Elbrus İsayev öz çıxışında həmçinin onu da qeyd edib ki, universitet Televiziyası və “Nuhçıxan” radiosu da hər zaman işini günün tələbləri səviyyəsində qurmaqla bərabər jurnalist tələbələrin təcrübi bazası rolunu oynayır. Bildirilib ki, mərkəz muxtar respublika mediasına öz töhvələrini verməklə bərabər, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən media qurumları ilə fəal əməkdaşlıq əlaqələrinə malikdir. Mərkəzdə çəkilən 50-dən artıq veriliş və 80-ə yaxın açıq dərs müəllimlərin öz təcrübələrini daha geniş auditoriyaya çatdırılması və tələbələrin bu təcrübədən faydalanmaları baxımından ən əhəmiyyətli addımlardandır.

İdman sahəsində ali təhsil ocağının qazandığı uğurları diqqətə çatdıran rektor universitetdə birinci yarımil ərzində 6 idman növü üzrə çempionatın keçirildiyini və bu yarışlarda 600-dən artıq tələbənin iştirak etdiyini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, cari ilin ilk yarısında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən universitetin İncəsənət fakültəsi əməkdaşlarından 5 nəfər, Gənclər üçün  Prezident mükafatlarının verilməsi haqqında Sərəncama əsasən 1 nəfər, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin verdiyi Sərəncam əsasında bir əməkdaşımız “əməkdar müəllim” fəxri adı  ilə təltif edilib.

Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran – rektor hərtərəfli dövlət qayğısı ilə əhatə olunan ali təhsil ocağında əmək və iş intizamının daha da gücləndirilməsi, kadr hazırlığına günün tələbləri səviyyəsində diqqətin artırılması, elektron universitet quruculuğu prosesinin davam etdirilməsi və tədris prosesində ən müasir təlim texnologiyaların uğurlu tətbiqinə istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

Leave a Reply

Your email address will not be published.