
Naxçıvan Dövlət Universitetində 2023/2024-cü tədris ili üzrə SABAH qruplarının bakalavriatura və magistratura səviyyəsində tələbə qəbulu üçün infosessiya keçirilib
Ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubov qonaqları: SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Eldar Qocayev, layihənin İcra Komitəsinin rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva və layihənin İcra Komitəsinin professor-müəllim heyəti ilə iş üzrə meneceri Nərmin Səfərovanı salamlayıb, onları Naxçıvan Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib.
SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Eldar Qocayev qeyd edib ki, layihənin məqsədi xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şərait yaratmaqdır. Diqqətə çatdırılıb ki, SABAH – savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin təhsil aldığı qrupdur. SABAH qruplarının yaradılması ideyasının əsasında ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizə lazım olan yüksək ixtisaslı mütəxəssislərin xaricdə deyil, məhz ölkəmizin ali məktəblərində hazırlanması durur. SABAH qruplarına tələbələrin qəbulu Təhsil Nazirliyi tərəfindən təsdiq olunan xüsusi qaydalar əsasında aparılır. Bildrilib ki, bu qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə, elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müsabiqənin I mərhələsi tələbələrin elektron qaydada Təhsil Nazirliyinin saytında yerləşdirilən qeydiyyat forması əsasında qeydiyyata alınması və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, II mərhələsi xarici dil və məntiq üzrə hər biri 25 sual olmaqla 50 sualdan ibarət test imtahanının keçirilməsi, III – sonuncu mərhələsi isə test imtahanından uğurla keçən tələbələrlə müsahibənin aparılmasını əhatə edir.
Görüşdə həmçinin bu qruplarda tədrisin necə təşkil olunması, tələbələrə verilən bir sıra imtiyazlar haqqında da ətraflı məlumat verilib.
Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.