Naxçıvan Dövlət Universitetində 22 İyul- Milli Mətbuat və Jurnalistika günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 22 İyul- Milli Mətbuat və Jurnalistika günü qeyd edilib

Azərbaycan Milli Mətbuatının 147-ci ilində Naxçıvan Dövlət Universiteti tədbirlərinin işıqlandırılmasında xüsusi fəallıq göstərən muxtar respublika KİV nümayəndələri təltif olunub. Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü hesab olunur. KİV-ə göstərilən dövlət dəstəyinin jurnalist kadrların yetişməsində oynadığı rol xüsusilə vurğulanaraq qeyd edilib ki, universitetin Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şərait vardır. Rektor universitet televiziyasının muxtar respublikada yayımını universitet mediasına verilən yüksək dövlət qayğısının bəhrəsi kimi dəyərləndirib. Elbrus İsayev universitetdə təşkil edilən tədbirlərin işıqlandırılması, muxtar respublika və ölkə mediasına çatdırılması istiqamətində mərkəzin fəaliyyətini təqdirəlayiq dəyərləndirib və universitetin elektron təhsil şəbəkəsinin idarə olunmasında universitet televiziyasının xüsusi əməyi olduğunu diqqətə çəkib. Rektor ali təhsil ocağında I Beynəlxalq Tibbi Forumun muxtar respublika, Azərbaycan hətta dünya mediasına çatdırılmasında əməyi olan muxtar respublika KİV nümayəndələrini təbrik edib, forum çərçivəsində operativlik göstərən media orqanlarına minnətdarlıq ifadə olunub.
“Naxçıvan Muxtar Respublikasında jurnalistika ixtisası üzrə kadr hazırlığı” adlı çıxışında Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva bildirib ki, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə və tərəqqisinə böyük töhfələr veriblər. Vurğulanıb ki, muxtar respublikamızda mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, ali təhsil ocağında da milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. Diqqətə çatdırılıb ki, “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva ali təhsil ocağının Media Mərkəzinin fəaliyyətindən danışıb, jurnalist tələbələrin peşəkar kadr kimi formalaşmasında mərkəzin özünəməxsus xidmətlərini qeyd edib.
Muxtar respublika mediasına göstərilən yüksək dövlət qayğısından danışan AZƏRTAC informasiya agentliyinin Naxçıvan Bürosunun rəhbəri Rauf Əliyev ali təhsil ocağı ilə media əlaqələrinin uğurlu istiqamətindən söz açaraq agentliyin fəaliyyətinin bu cür qiymətləndirilməsindən qürur hissini dilə gətirib.
İctimai TV və radio Yayımları Şirkətinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qahirə Hüseynova Ulu Öndər Heydər Əliyevin mətbuata göstərdiyi xüsusi xidmətlərdən söz açıb.
Nuhçıxan informasiya agentliyinin baş redaktoru Gülməmməd Əliyev, Şərq qapısı qəzetinin müxbiri Güntac Şahməmmədli əlamətdar tarixi gündə iştirak etməkdən məmnunluq duyduqlarını ifadə ediblər.
Sonda AZƏRTAC informasiya agentliyinin Naxçıvan Bürosunun rəhbəri Rauf Əliyev, İctimai TV və radio Yayımları Şirkətinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qahirə Hüseynova, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı, Nuhçıxan informasiya agentliyinin redaktoru, Şərq qapısı qəzetinin bir qrup heyəti, Naxçıvan xəbərləri informasiya saytının müxbiri, Əlahiddə Ümumqoşun Ordunun Sənədli və Tədris filmləri kinostudiyasının üzvləri, “Yeni fikir” qəzeti redaksiyasının baş redaktoru, universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri, əməkdaşları və könüllü fəaliyyət göstərən tələbələri, “Qeyrət” nəşriyyatının direktoru və əməkdaşları ali təhsil ocağında baş verən yenilikləri operativ sürətdə ictimaiyyətə çatdırdıqları üçün təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, həmçinin I Beynəlxalq Tibb Forum çərçivəsində mediada fəal mövqeyinə görə də qurumların rəhbərlərinə sertifikatlar təqdim edilib.
Sonda əlamətdar tarixi günü əbədiləşdirmək üçün xatirə şəkli çəkdirilib.

Leave a Reply

Your email address will not be published.