Naxçıvan Dövlət Universitetində 28 May Respublika günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 28 May Respublika günü qeyd edilib

Ali təhsil ocağının “İncəsənət” fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə I kurs magistrantların 28 May Respublika gününə həsr etdikləri konsert nümayiş olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra universitetin rektoru Elbrus İsayev 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığına və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Tələbə Elmi Cəmiyyətinin nəzdində son zamanlar görülən işləri diqqətə çəkən rektor diqqətə çatdırıb ki, tələbələr elmi mühitdə fəallıq nümayiş etdirdikləri kimi mədəni sahədə də çıxış etməlidirlər.

Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova universitetdə magistrantlara göstərilən dövlət qayğısından danışıb.

Konsertdə magistrlərin iştirakı ilə Ramiz Mirişlinin “Naxçıvan təranələri”, Fikrət Əmirovun “Bulaq başında” və başqa musiqi nömrələri səsləndirilib. Bundan başqa bəstəkarı “Musiqi tənqidi” ixtisası üzrə I kurs magistrant Hakim Məmmədlinin olan “Naxçıvanım”, “Adajio” musiqi nömrələri ifa edilib.