
Naxçıvan Dövlət Universitetində 29 Sentyabr Dünya Ürək günü qeyd olunub
Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Kardioloji Dispanserin iştirakı ilə 29 Sentyabr Dünya Ürək gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Dünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Dünya Səhiyyə Təşkilatı, UNESKO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. Vurğulanıb ki, əvvəlcə sentyabrın son bazar günü qeyd edilən əlamətdar tarixi 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əliliyin əsas səbəblərindən biri sayılır və bu xəstəlik üzündən hər il 17 milyondan çox insan dünyasını dəyişir. Ürək-damar xəstəlikləri və insultun yaranmasıının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.
Kardioloji Dispanserin baş həkimi Ramin Hacıyev “Kardiovaskulyar xəstəliklərdə cihaz müalicəsi”, İstanbul Koşuyolu Universitetinin uzman kardioloqu Elnur Əlizadə “CTO – Xronik koronar arteriyaların total okluziyalarında yeniliklər”, “Ümumi təbabət və klinik fənlər” kafedrasının baş müəllimi, Kardioloji Dispanserin həkimi Süleyman Cəfərov “Hipertoniya xəstəliyin və onun müasir müalicə metodları”, “Kardiologiya” ixtisası üzrə həkim-rezident Sara Əzizli “ST elevasiyasız miokard infaktı” adlı çıxışlar ediblər.
Çıxışlarda qeyd olunub ki, Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.