Naxçıvan Dövlət Universitetində 31 mart Azərbaycanlıların soyqırımı günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.  Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilib. Vurğulanıb ki, bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və  şanlı ordumuzun rəşadəti ilə qazandığımız qələbəni düşmənə verilən layiqli dərs kimi dəyərləndirən prorektor  gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və  tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağa çağırıb.

Azərbaycan tarixi kafedrasının baş müəllimi Zamin Məmmədov “31 mart-tarixi yaddaşımızdan silinməyən soyqırım”,  “Tarix müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Cabbar Məmmədov “1918-ci ildə Naxçıvanda mart soyqırımları” adlı çıxış ediblər. Çıxışlarda bildirilib ki, azərbaycanlıların soyqırımı erməni faşizminin xalqımızın taleyində həkk etdiyi qanlı səlnamə, bütün türk dünyası və bəşəriyyət üçün tarixi ibrət dərsidir. Tarix boyu Azərbaycanımıza qarşı yönəlmiş bu mənfur siyasətin doğma Naxçıvanımızdan da yan keçmədiyi vurğulanıb.

Sonda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.