
Naxçıvan Dövlət Universitetində 31 mart Azərbaycanlılarının soyqırımı günü qeyd edilib
ndu
Naxçıvan Dövlət Universitetində 31 Mart Azərbaycanlılarının soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Universitetin İncəsənət fakültəsində 40-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Fakültənin “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə tələbələri çəkdikləri rəsmlərdə soyqırım və faciə qurbanlarının yaşadığı dəhşətli faciəni qələmə alıblar. Universitetin rektoru Elbrus İsayev tələbələr tərəfindən təşkil edilən bu cür sərgilərin xüsusi əhəmiyyət daşıdığını önə çəkib. Qeyd edilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilib. Vurğulanıb ki, bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun rəşadəti ilə qazandığımız qələbəni düşmənə verilən layiqli dərs kimi dəyərləndirən rektor fəxr hissi ilə qeyd edib ki, artıq Azərbaycan XXI əsrdə kiçik dövlətlərin ən müasir və yüksək keyfiyyətli silah və hərbi sistemlərdən səmərəli istifadə etməklə, hərb meydanında qələbə əldə edə biləcəklərini sübuta yetirdi. Rektor gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağa çağırıb.
Sonra fakültənin akt zalında davam edən tədbirdə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.