Naxçıvan Dövlət Universitetində 4 aprel – Ümumdünya internet günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 4 aprel – Ümumdünya internet günü qeyd edilib

Ali təhsil ocağının Elmi Kitabxanasında 4 aprel – Ümumdünya internet gününə həsr olunmuş “İnternetin mütaliəyə təsiri: reallıqlar və perspektivlər” adlı dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov internetin gündəlik həyatımızdakı mühüm rolunu diqqətə çəkib. Qeyd edilib ki, elektron dərslərin keçirilməsi, elektron kitabxananın yaradılması, dərsliklərin, mühazirələrin yeni yaradılan proqramlara yerləşdirilməsi universitetdə informasiya-kommunikasiya texnologiyalarından məqsədyönlü istifadə edilməsinə əyani sübutdur. Prorektor vurğulayıb ki, tələbələrin internet resurslarından daha səmərəli istifadəsi  məqsədilə yaradılan “Oxunması zəruri olan kitabların mobil tətbiqinin yaradılması” da bu sahədə mühüm yenilik sayıla bilər.

İnformasiya Kommunikasiya və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli “Sosial şəbəkələr və elektron xidmətin mahiyyəti” haqqında tələbələrə məlumat verib. Slayd vasitəsilə çıxış edən Hüseyn Əsgərli bildirib ki, son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri  “Elektron Hökümət”in formalaşdırılması hesab edilir. “Elektron Hökümət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Vurğulanıb ki, internet resurlarından istifadə tələbələrə, cəmiyyətə düzgün şəkildə çatdırılmalı, məqsədyönlü istifadə edilməlidir. Sonra tələbələrin sualları cavablandırılıb.

Elmi kitabxananın direktoru Fariz Əhmədov “Elektron kitabxana bazasının formalaşması, iş prinsipi və müəllif hüquqlarının mühafizəsi” mövzusunda çıxış edib. Kitabxananın iş fəaliyyəti, elektron kitabxanadan istifadə qaydaları, elektron müraciət, kitabxanada yaradılan şəraiti haqqında tələbələrə ətraflı məlumat verilib.