Naxçıvan Dövlət Universitetində “6 Noyabr – Milli Televiziya və Radio Günü”nə həsr olunan tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “6 Noyabr – Milli Televiziya və Radio Günü”nə həsr olunan tədbir keçirilib

Ali təhsil müəssisəsinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, universitetdə Jurnalistika ixtisasında təhsil alan tələbələrin təcrübi bazasını təkmilləşdirmək məqsədilə 27 aprel 2006-cı il Azərbaycan təhsil sistemi və regional jurnalistika tarixində ilk dəfə Naxçıvan Dövlət Universiteti “Tələbə” televiziya studiyası fəaliyyətə başlayıb və ali təhsil ocağının 108 hektarlıq ərazisində yerləşən tədris korpuslarının böyük auditoriyalarında qurulan televizorlar vasitəsilə bütün universitet ərazisində yayımı uğurla baş tutub. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2006-cı il tarixli sərəncamı ilə televiziyanın muxtar respublika ərazisində yayımlanması üçün müvafiq tezlik ayrılıb. Sərəncama müvafiq olaraq Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 20 oktyabr 2006-cı il tarixli şəhadətnaməsi ilə televiziya dövlət qeydiyyatına alınıb, nazirliyin ayırdığı xüsusi tezlik və ayrıca kanalda yayımlanma razılığı televiziya kanalına universitet ərazisindən 10 kilometr olmaqla izlənmə imkanı yaradıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı, jurnalist ixtisasında dərs deyən müəllimlər, media mərkəzinin işçi heyəti və gənc jurnalistlərin xüsusi bacarığı və səyi nəticəsində Universitet Televiziyasının fəaliyyət sferası daha da genişlənib və  2021-ci ilin fevral ayının 24-dən etibarən muxtar respublikada yayımına başlanıb.  

Rafiq Rəhimov televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunan bayram münasibətilə universitet mediasının fəal təbliğatçıları olan, bu işi ustalıqla və məsuliyyətlə görən əməkdaşları və tələbələri təbrik edib.

“Radionun yaranma tarixi və KİV-də yeri” mövzusunda çıxış edən Universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva qeyd edib ki, olduqca geniş auditoriyaya və güclü emosional təsirə malik olan radio və televiziya əhaliyə həm informasiya verir, həm də cəmiyyətdə güclü ictimai rəy yaradaraq kütlələri qlobal vəzifələrin həyata keçirilməsi uğrunda səfərbər edir.

Radionun tarixinin sərbəst fəzada yayılan elektromaqnit dalğalarının kəşfinə söykəndiyini diqqətə çatdıran Şəhla Şirəliyeva bildirib ki, radionun ixtirasını 1894-cü ildə italiyalı radiotexnik Qulyemo Markoni  sürətləndirib. 1895-ci il rus fiziki Aleksandr Stepanovitç Popov yaratdığı ümumbəşəri əhəmiyyətə malik cihazı nümayiş etdirib və ilk dəfə radioqəbuledici məftilsiz teleqram qəbul edib. 1926-cı il 6 noyabr tarixində Azərbaycanda müntəzəm radio verilişlərinin yayıma başlandığını deyən Şəhla Şirəliyeva vurğulayıb ki, bu gün muxtar respublikada radio-televiziya işinin yüksək səviyyədə qurulması, verilişlərin keyfiyyətinin daha da yüksəldilməsi üçün daim diqqət və qayğı göstərilir.

Sonra Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Səadət Əliyevanın “Nuhçıxan radiosu muxtar respublikanın teleradio məkanında” mövzusunda çıxışı dinlənilib. Qeyd edilib ki, Nuhçıxan radiosu və Naxçıvan Dövlət Universiteti Televeziyası tələbələrin təcrübə keçdikləri bir məktəbdir. Jurnalistika ixtisasında təhsil alan tələbələr ali təhsil ocağına qəbul olduqları ilk gündən etibarən Media mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri qurur, burada təcrübi cəhətdən peşəkar jurnalist kimi yetişirlər. Belə ki, bu ixtisasda təhsil alan tələbələr həm öz bacarıqlarına, həm də həvəslərinə uyğun olaraq qəzet, radio və ya televiziyada öz peşə bacarıqlarını sınayırlar. Vurğulnıb ki, jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir və Naxçıvan Dövlət Universitetində tələbələrin gənc jurnalist kimi yetişməsi üçün hər cür şərait var. Belə ki, ali təhsil ocağının Media mərkəzində fəaliyyət göstərən Universitet televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər.

Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Tərlan İbrahimova jurnalist kadrların yetişməsində Media Mərkəzinin rolundan danışıb. Bildirilib ki, burada qazanılan peşə bacarıqları onların gələcəkdəki fəaliyyətlərində əvəzsiz rol oynayacaq.

Sonda universitetin “Media Mərkəzinin gündəlik fəaliyyəti” mövzusunda videoçarxa baxış olub.

Leave a Reply

Your email address will not be published.