Naxçıvan Dövlət Universitetində 600 baldan yuxarı nəticə göstərən abituriyentlərlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində 600 baldan yuxarı nəticə göstərən abituriyentlərlə görüş keçirilib

Tədbiri giriş sözü ilə açan universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev yüksək ballı şagirdlərlə bu cür görüşlərin keçirilməsinin artıq universitetdə ənənə halını aldığını qeyd edib.

Bildirilib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı göstərilməsi dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikamızın çoxşaxəli həyatının bütün sahələrində olduğu kimi, elm və təhsilin inkişafı sahəsində də zəngin maarifçilik ənənələrinə malik qədim Naxçıvan diyarında qabaqcıl dünya standartlarına cavab verən Naxçıvan Dövlət Universiteti qurulmuşdur.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”da Naxçıvan Dövlət Universitetinin də qarşıdakı mərhələlər üzrə prespektivləri müəyyən edilib. Dövlət Proqramında NDU ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Proqramının səmərəli icrası nəticəsində artıq universitetin nəzdində ingilisdilli orta məktəb fəaliyyətə başlayıb. Bildirilib ki, məhz həmin Sərəncamla ali təhsil ocağına yüksək etimad göstərilib. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universiteti Dövlət Proqramının icrası istiqamətində öz töhfəsini verəcək.

Ali təhsil ocağının genişmqyaslı imkanlarından söz açan prorektor universitetin bir neçə sahədə ölkə miqyasında model universitet olduğunu vurğulayıb. 

Universitetin maddi-texniki bazası, müasir tədris üsulları haqda məlumat verən prorektor bildirib ki, klassik universitet modelinə malik Naxçıvan Dövlət Universitetində 8000-ə yaxın tələbə təhsil alır.

Prorektor yaradılacaq tibb kampusu və ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun ixtisasların üstünlüklərindən danışıb. Vurğulanıb ki, yeni yaradılan ixtisasların fəaliyyəti onu deməyə əsas verir ki, bu ixtisasları bitirən tələbələrin gələcəkdə universitetdə qurulan Texnoparkda fəaliyyət göstərmələri üçün əsaslı zəmin yaranacaq. Universitetdə tədrisi ingilis dilində olan ixtisaslardan iqtisadiyyat, beynəlxalq münasibətlər, iqtisadiyyatın tənzimlənməsi (magistr) ixtisasların uğurla fəaliyyəti haqda məlumat verən Arzu Abdullayev diqqətə çatdırıb ki, artıq ali təhsil ocağında ingilis dilli ixtisasların sayı artırılır. Belə ki, bu il tibb və kompüter mühəndisliyi ixtisası fəaliyyətə başlayacaq. Bu da universitetin beynəlxalq aləmdə nüfuzuna öz müsbət təsirini göstərir. Görüşdə ali təhsil ocağının beynəlxalq aləmdə qazandığı uğurlar da nəzərə çatdırılıb. Bildirilib ki, ali təhsil ocağı nəinki Azərbaycanda hətta dünya universitetlərinin reytinq sıralamasında öz layiqli yerini tutmaqdadır. Diqqətə çatdırılıb ki, universitetdə 10-dan çox ölkədən 2000-ə yaxın xarici tələbə təhsil alır.

Univesitetdə ikili diplom proqramlarının fəaliyyətindən danışan prorektor qeyd edib ki, bu proqramlar üzrə təhsil alan tələbələr həm NDU həm də xarici ölkələrlə bağlanılan müqavilələrə əsasən həmin universitetin diplomunu əldə etmə imkanına malik olacaqlar.

Arzu Abdullayev universitetdə IELTS qeydiyyat və imtahan mərkəzinin uğurlu fəaliyyətindən danışıb. Vurğulanıb ki, artıq bir neçə ildir ki, öz işini uğurla davam etdirən mərkəzdə imtahanlar keçirilib və uğurla yekunlaşıb.

Prorektor tələbələrin dərsdən kənar məşğuliyyətlərinin, dünyagörüşlərinin, sosial bacarıqlarının qiymətləndirilməsi məqsədilə ali təhsil ocağında tələbə təşkilatlarının bu sahədə aktiv bacarıqlarını da diqqətə çatdırıb.

Qeyd edilib ki, tələbələr həmçinin bu məqsədlə müxtəlif könüllülük proqramlarına qoşulur, öz bacarıqlarını daha da zənginləşdirirlər.

Sonra universitetin tanıtım videoçarxı nümayiş olunub. Görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb, şagirdlərə hədiyyələr təqdim olunub.

Sonda şagirdlər fakültələri gəzib, müasir tədris üsulları ilə tanış olublar. Tədbir çay süfrəsi arxasında səmimi söhbətlə davam edib.

Leave a Reply

Your email address will not be published.