Naxçıvan Dövlət Universitetində 7 aprel Ümumdünya sağlamlıq günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 7 aprel Ümumdünya sağlamlıq günü qeyd edilib

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində 7 aprel Ümumdünya sağlamlıq gününə həsr olunmuş “Sağlam həyat tərzi ilə əlaqədar maarifləndirici ədəbiyyatların təbliği” adlı kitab sərgisi keçirilib. Fakültədə təşkil edilən sərgini giriş sözü ilə açan universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov qeyd edib ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.  Bildirilib ki, 2021-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus (COVID-19) pandemiyasını yayılması ilə mübarizə mövzusuna həsr edilib və “Daha ədalətli və daha sağlam dünyanın qurulması” şüari ilə keçirilir.

“Universitet əməkdaşlarının müəllifi olduğu tibbi maarifləndirici ədəbiyyatların əhəmiyyəti” mövzusunda “Əczaçılıq və biokimya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov çıxış edərək  universitetin Tibb fakültəsində fəaliyyət göstərən  kitabxananın müəllimlər və tələbələr üçün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, fakültənin kitabxanası 2000-ci ildə yaradılıb. Yarandığı ilk dövrlərdə kitabların sayı 500 olan kitabxananın  hal-hazırda 3000 kitab fondu var. Vurğulanıb ki, elmi ədəbiyyatların 2000-i azərbaycanca, 600-ü ingiliscə, 300-ü türkcə, 100-ü isə rus dilində olan nəşrlərdir.

Daha sonra müəllim və tələbələrin kitab sərgisinə baxış olub. Təşkil olunan 4 sərgidə tibb əməkdaşlarının kitabları, tibbi maarifləndirici ədəbiyyatlar olmaqla ümumilikdə 100-dən çox kitab yer alıb.